Gəncədə "Uşaq bilik portalı"nın təqdimatı keçirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin layihəsi olan "portalın" təqdimatında maraqlı anlar yaşanıb.
"Uşaq bilik portalı" 2013-cü ildən fəaliyyət göstərir. "Azərbaycan", "Dünya", "Bu maraqlıdır!", "Bilirsinizmi ki?", "Nənənin sandıqçası", "Xəbərlər" və "Oyunlar" bölmələrindən ibarət olan portalda uşaqları maraqlandıran mövzularla bağlı çoxlu sayda məlumat yerləşdirlib. Məsələn, "Nənənin sandıqçası" bölməsində Azərbaycan və dünya nağılları, çizgi filmlər, müxtəlif şeir və hekayələr yer alır. Bununla yanaşı, portalda Azərbaycan və dünya ədəbiyyatının klassikləri, tarixi şəxsiyyətlər haqında da məlumat tapmaq mümkündür.
Nigar Hüseynova- "Uşaq bilik portalı"nın rəhbəri: “"Azərtag"ın Uşaq Bilik Portalının 1 milyondan çox oxucusu var. Onların sırasında xarici ölkələrdə yaşayanlar da var. Bu portalı yaratmaqda məqsəd uşaqların dünya görüşünü genişləndirmək, onların estetik zövqlərini formalaşdırmaq, həmçinin onlara müxtəlif hadisələr, görkəmli şəxsiyyətlər barədə məlumat verməkdir”.
"Uşaq bilik portalı" bu illər ərzində bir sıra müsabiqələr də təşkil edib ki, onlardan biri də bu gün Gəncədə baş tutub. Gəncə şəhərində fəaliyyət göstərən 10 orta məktəbin, Uşaq Yaradıcılıq və İncəsənət, habelə Məhsəti Gəncəvi Mərkəzlərinin şagirdlərinin iştirakı ilə rəsm müsabiqəsi keçirilib. "Bahar" və "Novruz" mövzulu rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılara fəxri fərman və kiçik hədiyyələr, ilk 3 yerin sahibinə isə diplom və pul mükafatı təqdim olunub.
Tədbirdə balaca rəqqaslar da müxtəlif rəqs nömrələri ilə çıxış ediblər. Eyni zamanda gitara, skripka və sazda bir-birindən maraqlı musiqilər təqdim olunub. Bayram ərəfəsi olduğundan Kosa və Keçəl də yaddan çıxmayıb...
Gülnar Fazilqızı
- Baxış: 1461