Bakıda avtomobil piyadanı vurub. Ölkənin ikinci böyük şəhərində də piyadavurma hadisəsi qeydə alınıb. Sükan arxasına keçən sürücü bacı ilə qardaşı yola çıxdığına peşman edib. Gəncədə daha bir qəzada isə iki maşın toqquşub.
Paytaxtın Qaradağ rayonu Müşfiq qəsəbəsində piyadavurma hadisəsi baş verib. Şadlıq saraylarından birinin qarşısında "Opel" markalı avtomobil yolu keçmək istəyən piyada 18 yaşlı Nicat Hüseynovu vurub. Gənc çoxsaylı bədən xəsarətləri alıb. Onu xəstəxanaya sürücü özü aparıb. Hadisə barədə polisə məlumat verilib. Sürücünün izahatı alınıb. Qəzanın səbəbini müəyyən etmək üçün ekspertiza təyin olunub. Gəncədə də ağır yol qəzası qeydə alınıb. Şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21 06” markalı avtomobilin sürücüsü 2 piyadanı vurub. Onlardan biri 14 yaşlı Brilliant Məmmədova Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına, 7 yaşlı qardaşı Hüseyn isə özəl xəstəxanalardan birinə aparılıb. Daha sonra hər iki yaralı Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Xəstəxanadan verilən məlumata görə, Brillant Məmmədovanın vəziyyəti normaldır, palataya yerləşdirilib. Əməliyyat edilən azyaşlı oğlanın vəziyyəti isə orta-ağırdır.
Gəncənin Nizami Gəncəvi prospektində, Beynəlxalq Hava Limanına gedən yolda da qəza baş verib. Tovuz rayon Aşağıayıblı kənd sakini 45 yaşlı Camaləddin Qədirovun idarə etdiyi "QAZ 2410" markalı avtomobil işıqforda dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn, Göygöl rayon sakini 20 yaşlı Elton Namazovun idarə etdiyi "VAZ 2107" ilə toqquşub. "VAZ" yararsız hala düşüb
Faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 769