İstifadə müddəti başa çatan dirəklər və naqillərin yenilənməsi ilə əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı həll edilmiş olacaq.
Elektrik təsərrüfatının yenilənməsi işləri Göygöl rayonunun Üçtəpə və Topalhəsənli kəndlərində aparılır. Təbii və endogen proseslərin təsirindən yararsız hala düşən ağac dirəklər betonları ilə əvəzlənir. Xətlərin sib kabellərlə çəkilməsi isə itkinin qarşısını almaqla qısaqapanmaların da yaranmamasına xidmət edir.
Elman Priverdiyev- Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: “Əvvəlki illərlə müqayisədə “Azərişıq” yaranandan bu yana demək olar ki, bütün abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin edə bilirik. Düzdür, bəzi hallarda xüsusən də yağışlı, qarlı havalarda yarım saat və yaxud da 1 saat müddətində fasilələr olur. Ancaq demək olar ki, 24 saat fasiləsiz enerji verə bilirik”.
Görülən işlər çərçivəsində 2 kənddə ümumilikdə 200-ə yaxın beton dirək basdırılıb, 3 min metrdən artıq yeni naqil çəkilib. Üçtəpədə 3, Topalhəsənli kəndində isə 1 yeni transformator quraşdırılıb. Nəticədə əhalinin elektrik enerjisinə olan tələbatının tam ödənilməsinə nail olunub.
İlqar Hüseynov- kənd sakini: “Əvvəllər işığımız tez-tez fasilələrlə kəsilirdi. İndi ancaq yaxşıdır. Həm xətlər dəyişdirilir, həm də dirəklər dəyişdirilir. Daha əvvəlki kimi problemlər yaşanmır. İndi işığımız fasiləsiz yanır”.
Solmaz Süleymanova- kənd sakini: “Dəyişirlər, yavaş-yavaş həm dirəkləri, həm də xətləri dəyişirlər. İşıqlarımızda keçmək yoxdur, indi qaydasındadır”.
Rayonun elektrik təsərrüfatındakı çatışmazlıqların aradan qaldırılması istiqamətində ötən il müxtəlif gücdə olan 12 transformator yenilənib, 10 min metrdən artıq elektrik xətti çəkilib, 300-ə yaxın dirək dəyişdirilib. Bu il daha 12 transformatorun yenisi ilə əvəz olunması nəzərdə tutulur.
Elton Cabbarlı
- Baxış: 588