Hər mövsümdə geyim dizaynerləri yeni-yeni trendlər təklif edirlər. Gənc nəsil isə ciddi-cəhdlə bu yeni dəb tendensiyaları ilə ayaqlaşmağa çalışır. Amma bu dəfə ötənilki geyimlərlə yeni trendlər arasında elə də ciddi fərq yoxdur. Odur ki, qarderobda radikal dəyişiklik etməyə ehtiyac qalmayacaq.
Bomberlər
İndi əksər gənclərin dolabında qara dəri gödəkçə var. Yoxdursa, heç düşünmədən qarderobunuza əlavə edə bilərsiniz. Bomber gödəkçələr son zamanlar dəb aləminə “sürətli giriş” edib. Klassik və idman üslubunu özündə birləşdirən bu üst geyiminin rəng seçimində hər kəs azaddır.
80-ci illərin dəbi
Geniş çiyinli pencəklər yeni mövsümdə qarderobun əsas hissəsi olmağa iddialıdır. 80-ci illərdə küçələrdə, filmlərdə görməyə adət etdiyimiz bu pencəklər yenidən moda aləminin zirvəsində yer alacaq.
Metal parıltı
2017-ci ilin yaz dəbində ziyafət geyimlərinə də xüsusi önəm verilir. Parıltılı kokteyl donları və ipəkdən yataq geyimlərini xatırladan libaslar özəl günlərdə xanımlara gözəllik bəxş edəcək.
Enli kəmərlər
Bu yaz enli kəmərlər istənilən geyimlə “dostlaşa” bilər. Donlarınızda, iş kostyumlarınızda asanlıqla istifadə edəcəyiniz bu toqqalar sizi daha eleqant göstərəcək. Seçdiyiniz kəmərlərdə kovboylara məxsus naxışlara yer versəniz, yazın ən uyğun aksesuarını seçmiş olarsınız.
Büzmə
Bu mövsüm bütün dizaynerlər öz kolleksiyalarında büzməli, qırçınlı geyimlərə geniş yer veriblər. Belə detallı geyimlərdə xanımlar gəlinciyi xatırlatmadan daha tərzli və zərif görünəcək. Əsas qayda isə odur ki, ümumi görünüşdə bu detallardan yalnız biri istifadə edilməlidir.
Mom cinslər
Mom cinslərin son zamanlar dəb aləmində yüksəliş etməsində sözsüz ki, “küçə tərzi”nin də böyük rolu var. Əvvəllər hər bir trend podiumlardan küçələrə keçirdisə, indi əksinədir. Küçə dəbi podiumlardakı kolleksiyaları formalaşdırır. Elə mom cinslər kimi. Bu il də mom cinslər dəbi və idmanı sevənlər üçün bənzərsiz seçim olacaq.
Çiçəkli çantalar
2017-ci ilin yaz dəbində çantaların dizaynı da diqqətəlayiqdir. Çiçək motivlərinin bahar aylarının əsas bəzək elementi olduğunu hamımız yaxşı bilirik. Bu motivlər demək olar ki, bütün markaların çanta kolleksiyalarında gözə dəyir. Bahar əhval-ruhiyyəsi bu aksessuarlarda çiçəklərlə öz əksini tapıb.
Zadəganlıq
Xanımlar kimi kişilər də son zamanlar dəblə geyinməyə çalışırlar. 2017 yaz dəbində kişilər üçün zadəgan stili əsas götürülüb. Stilistlər yeni mövsüm üçün daha çox yaz rənglərindən faydalanıblar. Mavi, boz və ağın qarışığı kişiləri həm sadə, həm də dəbli göstərəcək.
Böyük çantalar
Rahat və imicə uyğun böyük çantalar kişilərin əvəzsiz aksessuarıdır. Klassik və idman üslubunda geyinən bəylər qarderoblarına uyğun böyük çantalar gəzdirə bilərlər. Bu, zövqlü, işgüzar, kompleksi olmayan kişi obrazı yarada bilər.
Hərbi tərz
Bu geyim tərzi Paris moda həftəsində böyük maraqla qarşılandı. Hərbi geyimlərdən istifadə edilən kombinasiyaların yazda daha da populyar olacağı gözlənilir. Hərbi naxışların yer aldığı pencək və şalvar istər klassik, istərsə də idman üslubuna əlavə şarm verə bilər.
- Baxış: 677