• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 01.03.2017 10:02

Nokia 6, Nokia 5 və Nokia 3 təqdim olundu

Mobil Dünya Konqresi olduqca maraqlı keçir və gün ərzində brendlər öz yeni smartfonlarını, cihazlarını təqdim edirlər. Başa çatan Nokia konfransında isə 4 smartfon təqdim edilib. Gözlənildiyi kimi, Nokia 3 və Nokia 5 smartfonları nümayiş olunub. İzləyiciləri şoka salan isə əfsanəvi Nokia 3310-nun geri dönüşü olub ki, bununla bağlı ötən gün məlumat vermişdik. Digər təqdim olunan telefon isə bir neçə ay öncə Çin bazarında satışa çıxarılmış Nokia 6-dır. Yeni telefonlar Nokia tərəfindən istehsal edilmir və satılmır. Bütün hüquqlar digər bir Finlandiya firması HMD-yə məxsusdur. HMD rəsmiləri Nokia 6-nın Çin bazarında 23 saniyə ərzində satıldığını açıqlayıblar. 5.5 düym ekrana sahib telefon, Qualcomm Snapdragon 430 prosessorundan güc alır. 3 GB RAM və 32 GB daxili yaddaşı ilə o, istifadəçilərin arzuladığı model ola bilər. 16 MP arxa və 8 MP ön kamerası ilə smartfon şəkil və video çəkimlərində olduqca iddialıdır. 3000 mAs batareya ilə satışa çıxacaq Nokia 6 və Nokia 6 Art, müvafiq olaraq 229 və 299 avro qiymətə satılacaq. Konfransda diqqət çəkən məqamlardan biri də Nokia 6-nın yeni versiyası olan Art Black-in təqdimatı idi. Art Black sadəsindən fərqli olaraq 4 GB RAM və 64 GB daxili yaddaşa malikdir. Nokia 5 isə 6-dan fərqli olaraq 5.2 düyüm ekrana sahib olacaq və göy, qara, gümüşü, mis rəngləri ilə satışa çıxacaq. 2 GB RAM, 16 GB daxili yaddaş, Qualcomm Snapdragon 430 modelin əsas göstəriciləridir. Nokia 5-in Nokia 6-dan əsas fərqi aliminium gövdəyə sahib olmasıdır. Nokia 5-in qiyməti 189 avro təşkil edir. Hər iki Nokia modeli Android 7.1.1 Nougat əməliyyat sistemi ilə satışa çıxır. Nokia 3-ə gəldikdə, o, 5 düyümlük HD ekran, Gorilla Glass ekran qoruyucu ilə təmin olunub və 8 MP-lik arxa və ön kamerası var. Telefon, 2 GB RAM, 16 GB daxili yaddaş və MTK6737 markalı prosessor ilə təchiz olunub. Nokia 3, 139 avro qiyməti ilə daha cəlbedici görünür.

Cavanşir Məmmədzadə