• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 28.02.2017 15:56

Gəncədə məhdud fiziki imkanlı şəxslər diqqət mərkəzində saxlanılırlar

KepezTV Player

 Məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası üçün yaradılan Gəncə Regional İnformasiya Mərkəzinin üzvlərinin sayı son 1 ildə 52 nəfər artıb. Elə mərkəzin fondu da yeni nəşrlərlə zənginləşdirilib.  

Gözdən əlil vətəndaşlar üçün mərkəzdə bütün şərait mövcuddur. Burada Brayl əlifbası ilə nəşr olunan yerli və əcnəbi yazarların 10 minə yaxın kitabı və digər vəsaitlər var. Ötən il Heydər Əliyev fondu tərəfindən informasiya mərkəzinə 120 adda yeni nəşrlər də göndərilib.

Vüqar Qasımov- əlil: “Mən 5 ildən artıqdı ki, mərkəzin xidmətlərindən istifadə edirəm. Mən burada çox məlumatlar əldə etmişəm. Burada mən Brayl təhsil proqramı vasitəsi ilə kitablar oxumağı öyrənmişəm. Biz artıq özümüzü əlil kimi hesab etmirik, bura gələndən cəmiyyətin bir parçası kimi hiss edirik”.

Qərib Vüqarlı- əlil: “Mərkəzdən 6 aydır istifadə edirəm. Bu mərkəzin biz əlillərə çox önəmli qayğısını hiss edirəm”.   

Hazırda mərkəzin xidmətlərindən 487 əlil yararlanır. Ümumən isə qərb bölgəsinin 60 mindən çox fiziki qüsurlu insanı burada yaradılan şəraitdən faydalana bilər.

Məhərrəm Qasımov- Gəncə Regional İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi: “Əvvəlki illərə nisbətən mərkəzə müraciət edənlər çoxalıb. Mərkəz yeni fəaliyyət göstərdiyi üçün Gəncə və gəncəbasar bölgəsində yaşayan əlillərin  mərkəz haqqında məlumatı az idi. Məlumatı olan əlillər daima müraciət edirlər. Biz çalışdığımız qədər onlara səsli kompyuterdən istifadə etməyi tədris edirik ki, onlar mərkəzdən kənarda da tam sərbəst informasiya əldə edə bilsinlər”.

Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılan mərkəz 2011-ci ildən regionda yaşayan əlillərə xidmət göstərir. 


Elton Cabbarlı