Şəmkirdə əhalinin telefon və internetlə təminatı istiqamətində işlər davam etdirilir. Rayonun ucqar yaşayış məntəqəsi hesab edilən Tatar və ən böyük kəndlərdən olan Düyərlidə yeni telefon xətləri çəkilib.
Qurban İsayev- sakin: “Su ilə elektrik enerjisi ilə tam təmin olunmuşuq. Ancaq telefonumuz olmadığından çox əziyyət çəkirik. Bu gün övladlarımız Moskvadadır. Onlarla əlaqə saxlamaq üçün internetə böyük ehtiyacımız var”.
Şəmkirin Düyərli kəndində yeni salınan yaşayış məntəqələrinə rabitə xətlərinin çəkilişi əhalinin müraciəti əsasında aparılır. Bu Qurban dayı kimi qürbətdə olanları ilə əlaqə saxlamaq imkanı, gənclər üçün isə əlavə xərcdən xilasdır.
Hüseyn İmanov- sakin: “Bu günədək mobil telefon vasitəsi ilə internet paketi götürüb istifadə edirdik. İndi çox şadıq ki, özümüzün internet xəttimiz olacaq”.
Artıq Düyərli kəndinin yeni salınan yaşayış massivində 80 dayaq basdırılıb. Müxtəlif ölçüdə 3 kilometrə yaxın xətt çəkilib. Görülən işlər 100 abonentin stasionar telefondan və geniş zolaqlı internetdən normal istifadəsinə zəmin yaradıb.
Əyyub Dünyamalıyev- Şəmkir Telekommunikasiya Qovşağının rəisi: “100 abonent üçün yeni xətt çəkmişik. Bir- iki günə bu işlər tamamlanacaq. Bundan sonra abonentlərin hər birinin evində telefon çəkişinə başlanacaq. Həmin sahədə insanlar telefondan daha yaxşı istifadə edə biləcəklər”.
Tatar kəndində isə illərdir istifadəsiz qalan ATS elektronlaşdırılıb. Nəticədə sakinlər ilk dəfə olaraq internet şəbəkəsinə qoşulmaq imkanı qazanıblar. Yaxın günlərdə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində istismar müddətinin başa vuran kabellərin yenilənməsinə də başlanacaq.
Natiq Hüseyn
- Baxış: 781