• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 27.02.2017 20:39

Şəmkirdə 80 yaşlı qadın oğrunu evdən əliboş yola saldı

KepezTV Player

Şəmkirdə 80 yaşlı qadına qarşı soyğunçuluq edən bunun peşmanı olub. Cinayəti törədən istədiyini əldə etmək üçün qadına xəsarətlər yetirsə də müqavimətlə üzləşib. Bunun nəticəsidir ki, quldur evi əliboş tərk edib.  Polis tərəfindən isti izlərlə saxlanılan soyğunçu indi əməlindən çox peşmandır.

Fevral ayının 25-i, gecə saat 03:00 radələrində Şəmkir rayonunun mərkəzində Məmmdəli Əhmədov küçəsi, ev 143 ünvanında Valentina Tağıyevaya məxsus fərdi yaşayış evində cinayət hadisəsi baş verib. Bir nəfər şəxs heç kimin olmadığını zənn edərək oğurluq məqsədi ilə evə daxil olub. Əvvəlcə dəmir barmaqlıqlar sonra isə evdə olan 80 yaşlı qadın çağırılmamış qonağın arzusunu ürəyində qoyur.

Soyğunçuluq edən şəxs əvvəlcə bu mənzilə daxil olmaq istəyib. Ancaq dəmir barmaqlıqların olması onun işini çətinləşdirib. Bu səbəbdən də digər ünvana üz tutub. Burada isə həmin şəxsin qarşısını şüşə pəncərələr kəsib.

Pəncərəni sındıraraq içəri daxil olan "qəhrəman" daha bir maneəyə rast gəlir. Bu dəfə ev sahibi Valentina Tağıyeva oğrunun qarşısına çıxıb. Planlarının alt-üst olduğunu görən çağırılmayan qonaq gücünü işə salaraq yaşlı qadını döyüb. Ancaq 80 yaşı olmasına baxmayaraq, ev sahibi gücünə-güc qataraq qarətçiyə müqavimət göstərə bilib. Yaşlı qadından pul tələb edən həmin şəxs istədiyini əldə edə bilməyincə ünvanı tərk edir.

Valentina Tağıyeva- zərərçəkən şəxs: “İçəri girib üzümə işıq saldı. Ağzını açan kimi dedi pul ver. Dedim pulum yoxdu, çıx get. Sabah pensiyamı alacam, istəsən de verim. Bircə çıx get. O da dedi yox, pul haradadır, yerini de. Başımdan vurdu, özümü itirdim”. 

Lakin Şəmkir polisi qadını sağlamlığından edən şəxsi elə də uzaqda deyil, qonşuluqda tapıb. Çünki 31 yaşlı Emin Namazov Valentina Tağıyevanın qonşusu olub.

Mehrab Məmmədov- müstəntiq: “Faktla bağlı tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin 1986- cı ildə Şəmkir rayonunda anadan olan və əvvəllər məhkum olunan Namazov Emin Vəzir oğlu olması müəyyən edilib”.

Emin Namazov əməlini səmimi etiraf edib və ifadəsində 80 yaşlı qadının evdə olmasından xəbərsiz olduğunu deyib. Sərxoş olduğunu bəhanə edərək özünü sudan quru çıxartmağa çalışıb.

Emin Namazov- saxlanılan şəxs: “Birinci o birisi evə getdim, qapı bağlı idi. Sonra gəlib bu birisi evin pəncərəsini sındırdım. İçəri keçəndən sonra evdən bir nəfər üstümə gəldi. Gələndə bundan mən pul tələb etdim, dedi yoxumdu. Pensiyamı almamışam”.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Emin Namazovun görünür ilk cəzası yüngül olub. Bu dəfə isə günahı tam sübuta yetirilərsə onu daha ağır cəza gözləyir.

Natiq Hüseyn