• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 27.02.2017 14:00

Qəsddən 9 yanğın hadisəsi törədildi

KepezTV Player

Salyanda yanğın dəhşət gətirib. Ər-arvad tüstüdən boğularaq ölüb. Göyçayda isə sakinlərin kol-kosu yandırması, daha sonra yanğına nəzarət etməmələri başqalarına ziyan vurub. Nəticədə bir ev yanıb, obyekt isə yanğından son anda xilas edilib. 

Salyanın Şəkərli kəndində yanğın baş verib. Belə ki, kənd sakini, 74 yaşlı Qayıbalı Əliyevə məxsus 1 mərtəbədən ibarət 3 otaqlı ev anidən alovlanmağa başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Ümumi sahəsi 100 kvadratmetr olan fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Ev sahibi Qayıbəli Əliyevin və onun 83 yaşlı arvadı Zemfira Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, fevralın 26-da rayon sakinləri tərəfindən kol-koslu və qamışlı ərazidə qəsdən 9 yanğın hadisəsi törədilib. Həmin yanğın hadisələri küləkli havada kənd yaşayış məntəqələri, fərdi evlər və tövlələr üçün böyük təhlükəyə səbəb olub. Belə ki, ötən gün axşam saat 21:30 radələrində Göyçayın Yalman kənd sakini 61 yaşlı Zülfixumar Kərimovaya məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Yanğın zamanı ev sahibi mənzildə olmayıb və hadisə barədə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Alov söndürülüb və evə bitişik yardımçı tikili yanğından mühafizə edilib. Məlum olub ki, evin yanmasına qonşunun küləkli havada kol-kosdan olan çəpəri yandırması və yanğına nəzarət etməməsi səbəb olub. Bundan əlavə fevralın 26-da rayon sakinləri tərəfindən qamışlı ərazidə törədilən yanğının söndürülməsi nəticəsində sahibkara məxsus ümumi sahəsi 530 kvadratmetr olan avtomobil təmiri sexi alovdan son anda mühafizə edilib.
 

Zülfiyyə Telmanqızı