Qətliam qurbanlarının xatirəsi yad edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Xocalı faciəsinin növbəti ildönümü münasibəti ilə baş tutan tədbirdə nümayiş olunan bu səhnəcik 25 il əvvəl Xocalı sakinlərinin başına gətirilən faciənin kiçik bir hissəsini əks etdirirdi əslində, amma yenə də insanın qanını dondurmağı bacarırdı... Rəna Teymurqızının "Dərd yükü" adlı əsəri əsasında hazırlanan kompozisiyanı Gəncə Dövlət Dram Teatrının aktyorları canlandırdı. Bu gün Xocalı faciəsinin qurbanları Gəncədə, Xocalıdan olan məcburi köçkünlər üçün salınan qəsəbədə yad edildi. Həm xocalılar, həm də şəhər ictimaiyyəti soyqırım qurbanlarının xatirəsini anırdı.
Kamran Məmmədov- Xocalı sakini: “Biz vətənimizə-Xocalımıza qayıdacağıq. Mən Allahdan ömür istəyirəm ki, o torpağa qayıdışımızı görəm. Biz bütün işğal olmuş torpaqlarımızı qaytaracağıq”.
İndi Xocalıdan olan məcburi köçkünlər üçün salınan qəsəbədə bir abidə də ucalır. 25 il əvvəl Xocalı faciəsində qurban edilənləri ehtiramla anaraq, sükut içində dayanır. Müəllifi Asəf Həsənov olan abidə, 3 hissədən ibarətdir. Hündürlüyü isə 6 metrdən çoxdur. İndi bu abidə öz doğmalarının məzarını ziyarət edə bilməyənlər üçün and yeri olacaq...
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Bu abidə xocalılılar üçün ən böyük təsəllidir, onlar üçün bir xatirə olcaqdır. Bu gün dünyanın hər yerində Xocalı faciəsi ilə əlaqədar dövlət, diasporlar səviyyəsində, Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük tədbirlər keçirilir”.
Abidə önünə düzülən tər çiçəklər isə qətlə yetirilən xocalılıların xatirəsinə ehtiram nümunəsi idi.
Gülnar Fazilqızı
- Baxış: 1539