Yenicə dünyaya gələn 3 günlük körpə əsir düşür. Xilaskarı isə Rusiyalı jurnalist olur. Xocalı qətliamı zamanı əsir götürülən bir ailənin faciəli həyat hekayəsini izləyəcəksiniz... Xocalı faciəsinin canlı şahidi olmuş moskvalı jurnalist - Viktoriya İvleva fevralın 15-dən 26-na keçən gecənin həyatını dəyişdiyini deyir.
Viktoriya İvleva- rusiyalı jurnalist: “Qarabağ həyatımda gördüyüm ilk müharibədir. Orada ölənlər həyatda rastlaşdığım ilk qurbanlardı. Faciəvi şəkildə həlak olanları görəndə anladım ki, artıq mənim üçün onların hansısa başqa dildə danışmasının mənası yoxdur. Onlar bir daha danışmayacaq şəhidlərdir. Düşünürəm Qarabağda baş verənlər insanlara münasibət dərsidir. İnsan həyatı, yoxsa məsləyin? Bax bunlardan hansının vacib olduğunu anlayırsan. Bu, bir dərs idi”.
Rusiyalı müxbir faciə zamanı üçgünlük körpəni xilas etməklə bu dərsi layiqincə keçdiyini sübut edib.
Mehriban Bəkirova- Xocalı sakini: “Ermənilər bizi vururdular, silahla, təpiklə qovurdular. Həmin vaxt 3 günlük uşağımı itirmişdim. Bir də gördüm Viktoriya adlı jurnalist uşağı gətirdi ki, kimindir? Dedilər ki, Mehribanın uşağıdır. Uşağı açdılar ki, donub”.
O zaman 4 uşaq anası olan Mehriban Bəkirovanın 25 yaşı olub. Cəmi 3 gün imiş uşaq dünyaya gətirən Mehriban Bəkirova 4 övladı ilə birlikdə əsir götürülərkən də Viktoriya İvleva körpəni və onu bacardığı qədər himayə etməyə çalışıb. Ermənilərin verdiyi işgəncələrsə qaçılmaz olub.
Mehriban Bəkirova -Xocalı sakini: “Əllərinə yoldaşımın şəkili düşmüşdü, deyirdilər ki, o polisdir, tap gətir səninlə dəyişək. Yoldaşımı da ələ keçirmək istəyirdilər. Həmin vaxtı yoldaşım vurulmuşdu, amma mən bilmirdim. Şəklini göstərəndə dedim ki, bu o deyil, mənim ərim tikintidə işləyir. Avtomatın qundağıyla məni vururdular ki, niyə yalan deyirsən? Yoldaşınla sənin şəklindir deyib məni çox incitdilər, tarixə sığmayan bir işdir. Cavanlarımızın, qız gəlinlərimizin başına müsibətlər açdılar”.
Viktoriya İvleva Mehriban xanımı 19 il sonra yenidən axtarıb tapıb. Qucağında yeni doğulmuş Günay olan şəkli rusiyalı jurnalisti Goranboyun Ağcakənd kəndinə aparıb.
Sərxan Həmzəyev-Mehriban Bəkirovanın oğlu: “Viktoriya bizə gəlmişdi. Onun planşetində videolar vardı. Bu şəkilləri verdi bizə, amma videonu yox. Görüntülərə baxdım. Bir qadını ağaca bağlayıblar, üstü başı da açıqdır. Yanında da bir oğlan var, yoldaşıdır, qardaşı, ya nəyidir bilmədim. Oğlana deyirlər ki, de ki, Qarabağ ermənilərindir qadını buraxaq. Oğlan da deyir ki, yox, Qarabağ Azərbaycanındır. Ermənilər qızın başına güllə ilə vurub tankın altına atırlar, oğlanı da öldürürlər”.
Viktoriyanın xilas etdiyi Günay 3 günlük ikən aldığı travma səbəbindən 2010- cu ildə dünyasını dəyişir. Qətliamdan 25 il keçməsinə baxmayaraq, Məshəti türkü Mehriban və onun ailəsinə verilən işgəncələrin təsiri indi də özünü göstərir.
Xəyalə Mürsəl
- Baxış: 1184