Respublikada ilk dəfə olaraq Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi tərəfindən süni mayalanma yolu ilə 20 ana arı alınıb. Gələcəkdə bu arılardan alınan digər anaların arıçılara verilməsi nəzərdə tutulur. Həmçinin mərkəzin mütəxəssisi ölkədə sənaye arıçılığını inkişaf etdirmək yollarını öyrənmək üçün İsraildə kursda olub.
Hazırda yerli cins arılardan 5-10 kq arası bal almaq mümkündür. Ancaq yeni süni mayalanma ilə yaradılan ana arılarda isə 30 kq-a yaxın məhsul almaq olacaq.
Təmiz qanlı damazlıq Bozdağ Qafqaz Arı cinsi üzərində aparılan tədqiqat işlərinin nəticəsi olaraq bu qədər məhsulu 1 ilə əldə etmək olar. Ölkədə arı genefondunun qorunması məqsədiylə yerli və türkiyəli mütəxəssislər süni mayalanma yolu ilə ana arıların alınmasına 9 ay vaxt sərf edib.
Allahverdi Seyidov- Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi: “Məqsədimiz mələzləşmənin qarşısını almaq, oradan alınan süni ana arıları arıçılara çatdırmaqdı. Həmin ana arıları arıçılar öz arıxanalarında yeniləşdirəcək. Arıçılıq mərkəzində süni mayalanma mərkəzi yaradılıb və bu da bizə imkan verəcək ki, Arıçılıq mərkəzində bu ilin sonuna kimi 1000 ana arı alaq. Dövlət Proqramı çərçivəsində 2021-ci ildə Azərbaycanın sərhədlərindən kənara 4 min ton balın satışı gündəmdə var”.
Hazırda isə ölkədə ildə 1500 ton məhsul istehsal edilir. 5000 arıçı tərəfindən bazara çıxarılan bal tələbatı tam ödəmir. O üzdən təsərrüfatçılarda da Bozdağ Qafqaz Arı cinsinə maraq hissi artıb.
Qərb bölgəsindən yalnız Mərkəzin direktoru yanvarın 29-dan fevralın 17-nə kimi keçmiş Sovetlər ölkəsinin arıçıları üçün İsraildə keçirilən seminarda iştirak edib. “Arıçılığın müasir texnologiyaları” adlı seminarda arıçılıqda sənaye yolları izah olunub.
Allahverdi Seyidov- Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi: “Arıxanaların elektron idarə olunması məsələsi gündəmdə idi, onu həyata keçirirdilər. Bununla bağlı bizə kurslar keçirdilər, faktiki reallıqlar göstərdilər, hansı alətlərdən, hansı avadanlıqlardan istifadə nümayiş olundu. Sonda biz belə qərarlaşdırdıq ki, keçmiş Sovetlər ölkəsində olan arıçılıqda nə varsa balın çəkilməsi, balın qablaşdırılması, xəstəliyə qarşı hansı dərman preparatlarından istifadə, necə edək ki, biz sənaye arıçılığını həyata keçirək, insanların bütün dünyada bala ola tələbatını ödəyə bilək”.
Ötən il arıçılara Mərkəzdən 15 ana arı da verilib və bu il isə daha çox ana arının arıçılara verilməsi nəzərdə tutulur. Həmçinin mərkəzdə artıq arıların yaz hazırlıq işlərinə də başlanılıb. Elmi işçilər arı yeşiklərini təmizləyir, arıların yem ehtiyatını yoxlayır, hansısa xəstəlikləri varsa onlar elmi işçilər tərəfindən qeydiyyata alınır, yeşikdə ana arıların sağ olması yoxlanılır.
Elnur Vahidoğlu
- Baxış: 1011