Goranboyda pambıq əkini üçün sahələr artırılır, fermerlərin istehsal edilən məhsulun tədarükü ilə bağlı problemləri həll edilir. Texniki təminat və dövlətin ayrılan vəsait bu sahəyə marağı artırıb.
Goranboyda pambıq altı torpaqların həcmi 3 min ha artırılaraq 5 min ha-a çatdırılıb. Ötən məhsul ilində əldə edilən yüksək gəlir fermerlərin bu sahəyə marağını artırıb.
Malik Qasımov-fermer: “ 2016-cı ildə 40 hektar sahədə pambıq əkdim və yüksək gəlir əldə elədim. Bu il də 40 hektarda pambıq əkmişəm. Sahələrdə şum və arat işləri aparılıb, apreldə çiyid səpinini gözləyirik”.
Həsən Süleymanov- fermer: “Ailəmiz pambıqçılıqla məşğul olub, mən də bu ildən başlayaraq bu sahəni davam etdirmək istəyirəm. Bu il 20 hektar ərazidə pambıq əkmək istəyirəm, bu məqsədlə sahəni şumlatmışam, arat suvarmanı aparmışam".
Fermerləri pambıqçılığa həvəsləndirən digər səbəb istehsal ediləcək məhsulun alıcısının olmasıdır. 2500 hektardan əldə ediləcək məhsul Goranboy Pambıq İstehsalı və Tədarükü Məntəqəsi tərəfindən qəbul ediləcək. Bunun üçün artıq 188 fermerlə müqavilə də bağlanıb.
Siyavuş Qurbanov- Goranboy Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru: “Ayın 15-dən etibarən fermerlərə ilkin mərhələdə pulların ödənilməsi başlanılıb. Birinci mərhələdə 165 manat hər bir hektara ödəniş edilib ki, bu da torpağın şumlanması, arat suyu və suçu pulu daxildir. Sonrakı ödəmə mərhələlərinə pambığın əkilməsi, toxumun alınması və becərmə işləri nəzərdə tutulub. Bu minvalla hər hektara görə, ödənişlər fermerlərin hesabına köçürülür”.
4 mərhələni əhatə edəcək ödəmə prosesi hektara 530 manat güzəştli kredit deməkdir. Pambığın əkib, becərilməsindən yığımına qədər olan mərhələdə də fermerlərə lazımi dəstək göstəriləcək. Bu məqsədlə 13 becərmə traktoru, müxtəlif təyinatlı texnikalar, gübrələr təklif olunur.
2017-ci məhsul ilində Goranboyda fermer təsərrüfatları pambığın sahələrdən vaxtında və itkisiz yığılmasını həyata keçirmək üçün, eləcə də əl əməyini minimuma endirmək məqsədilə məntəqəyə gətirilən 5 ədəd müasir standartlara cavab verən pambıqyığan kombaynların xidmətlərindən də yararlana biləcəklər.
Sahələrin arat olunaraq aprel ayına kimi dincə qoyulması və əkindən sonra pambığın davamlı suvarılması üçün Goranboy Su-Artezian Quyularının İstismarı İdarəsi qabaqlayıcı tədbirlər həyata keçirir.
Ramiz Süleymanov- Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: “Balansımızda olan 814 subartezian quyusundan 456 ədədi cəlb olunub pambıq sahələrini suvarılmasına. Bu quyular vasitəsilə 5 min hektar pambıq sahəsindən 1894 hektar sahəyə arat suyu verilib, səpinə hazırdır. Fevral ayının 26-a kimi bütün şüm aparılan sahələrin suvarılması təmin olunacaq.
Pambıq bitkisinin əkini zamanı aqrotexniki qaydaların düzgün tətbiqi, fermerlərə lazım olan texnikanın və gübrənin vaxtında çatdırılması və çatışmazlıqları aradan qaldırmaq üçün rayon icra hakimiyyətində qərargah yaradılıb.
Yasin Məmmədov- Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: “Qərərgah haqqında bütün torpaq mülkiyyətçiləri, bələdiyyələr və yerli icra nümayəndəlikləri məlumatlandırılıb.Texnika çatışmazlığı, suvarmada yaranan hər hansı bir gecikmələr olarsa dərhal qərargaha müraciət edilsin. Operativ olaraq fermerlərin qarşılaşdıqları problemlər tezliklə həll olunacaq”.
Ötən il Goranboy rayonunda 2 min hektarda əkilən pambığın hər hektardan orta məhsuldarlığı 20 sentner olub və 3650 ton ağ qızıl məntəqələrə tədarük edilib.
Xaliq Qurbanlı
- Baxış: 1284