Dekorativ ağaclar və gül kolları. Qarlı hava və şaxtalar bu bitkilər üçün də təhlükə yaradır. Bəs soyuqdan qorumaq məqsədiylə nə kimi tədbirlər görülür.
Əkildiyi əraziyə əlavə gözəllik qatan dekorativ ağacların əslində qorunması xüsusi diqqət tələb edir. Belə ki, ağacların əksəriyyəti isti ölkələrdən gətirildiyi üçün yerli iqlim şəraitində bunların becərilməsi çətinlik yaradır. Lakin aqronomlar tərəfindən ağacların qorunması, yəni qışın şaxtasından, yayın istisindən qorunması üçün xüsusi aqrotexniki qulluq göstərilir.
Gəncədə əkilən dekorativ ağaclar və gül kolları əsasən İran, Misir, Türkiyə və Hollandiya kimi fərqli iqlim şəraitinə malik olan ölkələrdən gətirildiyindən onlara qulluq da fərqlilik tələb edir. Xüsusən də qış aylarında.
Rizvan Quliyev- Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: “Hər il bitkilərin dekorativ ağacların qorunması üçün tədbirlər həyata keçiririk. O cümlədən bu il də şəhərimizdə əkilmiş dekorativ ağaclar, Türkiyədən gətirilmiş Siqas, İrandan gətirilən Finik xurma ağaclarıdır, müəyyən karlik rozalardır. Bunların soyuq və şaxtadan qorunması üçün mühafizə zolağı yaratmışıq. Polietilen örtüklərlə bitkiləri bükərək şaxtadan mühafizə etmişik”.
Sellofana bükülərək qorunan bitkilərin uzun müddət belə vəziyyətdə saxlanılmasını da məqsədəuyğun hesab edilmir.
Rizvan Quliyev- Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: “Hava isti keçdiyi müddətdə, bir həftə və yaxud da 10 gün isti hava keçirsə, belə olan halda biz həmin örtükləri açırıq və ağacların havalanmasını təmin edirik. Əlbəttə, ağaclar uzun müddət örtük altında qalsa ziyan görə bilər”.
Təkcə bu il ərzində Gəncənin müxtəlif yerlərinə 5 mindən çox dekorativ ağac, 12 mindən çox müxtəlif növ gül kolu əkilib. Şəhərə ekzotik gözəllik verən 55 min dekorativ ağac, 500 minə yaxın gül kolu Yaşıllaşdırma İdarəsinin aqronomları tərəfindən mühafizə edilir.
Elton Cabbarlı
- Baxış: 823