• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 15.02.2017 17:14

Şəmkirdə xırda davarlar arasında kütləvi ölüm halları müşahidə olunur

KepezTV Player

Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.

Hadisə Şəmkir sakini Həbib Hüseynovun təsərrüfatında qeydə alınıb. Xırda davarları naməlum şəraitdə tələf olduğundan fermer baytar həkimləri də məlumatlandırıb.

Həbib Hüseyn- təsərrüfat sahibi: “Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək”.

İllərdir 1000-dən çox qoyun bəsləyən təsərrüfatda ilk dəfədir kütləvi ölüm halı müşahidə olunur.

Xəqani Əsədov- təsərrüfatın işçisi: “7 ildir bu heyvanlara baxıram. Bilmirəm nədən ölür. Yemini, suyunu vaxtlı-vaxtında veririk. Bircə buna əlac olunsa yaxşı olar. Heyvanlar kütləvi şəkildə ölür”. 

Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim olunub. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi heyvanların ölmə səbəbi saxlanma şəraiti göstərilir.  

Məmməd Qasımov- Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub. Bunların hamısı soyuqlamanın əlamətidir”.

Məmməd Qasımovun sözlərinə görə, heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbləri Bakıdan göndəriləcək nəticələrdən sonra məlum olacaq.

Natiq Hüseyn