Paytaxtın Yasamal rayonunda qanlı hadisə baş verib. Şəfayet Mehdiyev küçəsində yaşayan 33 yaşlı Aslan Ələsgərov mübahisə zəminində tanışı tərəfindən məhəllədə bıçaqlanıb. Ələsgərovun sinə nahiyəsinə zərbə endirən şəxs hadisə yerindən qaçıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə barədə polisə məlumat verilib. Əməliyyat olunan Aslan Ələsgərov reanimasiya şöbəsinə yerləşdirildiyindən ifadəsini almaq mümkün olmayıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Gəncə şəhərində isə bıçaqlanma hadisəsi Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib. Kəlbəcər Rayon Polis Şöbəsinin nəzdində fəaliyyət göstərən polisə ictimai dəstək qrupunun üzvü, 24 yaşlı Şəhriyar Salehli xidmət apararkən bıçaqlanıb. Xəsarət alan şəxs iş yoldaşlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb və müayinə zamanı iki bıçaq yarası aldığı məlum olub. O, dərhal əməliyyat olunub.
Şəxsi yaralamaqda şübhəli bilinən Kəlbəcərdən olan məcburi köçkün saxlanılıb. İlkin məlumata görə, hadisə mübahizə zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 630