Samux polisi artezian quyularının kabellərinə qənim kəsilən rayon sakinlərini saxlayıb. İlkin araşdırmalar zamanı həmin şəxslərin 35 artezian quyusunu sıradan çıxardığı müəyyən edilib.
Həsrət Qəmbərli -saxlanılan şəxs: “Biz Samux rayonunun kəndlərində artezian kabellərini kəsmişik. Gündüzdən Tehranla birlikdə gedib baxırdıq. Gecə də kəsib əridərək metal sexinə verib, pul almışıq”.
Etdiyi əmələ görə indi Həsrət ortağı Telmanla azadlığın həsrətini çəkməli olacaq. Aylardır asan qazanc yolunu kabel oğurluğunda tapanlar əhalini susuz qoymaqlarının qarşılığını bu yolla ödəyəcəklərini yəqin götür-qoy etməyiblər. Oğurluq yolla əldə edilən pula tamahının güc gəldiyini gənclər məsuliyyətə cəlb olunduqdan sonra anlayıblar.
Tehran Əsgərov - saxlanılan şəxs: “Artezianları Samux yolunun kənarında görmüşdük. Samux yolunun kənarında üçünü Çobanabdallıda, üç dənəsini isə şəhər tərəfdə kəsmişik. Ümumilikdə, 9 artezian kəsmişik. Onu da şəhərdə Həsən adlı şəxsə satmışam. Pulunu da öz aramızda bölmüşük. Elədiyim üçün peşmanam”.
İndi etdiklərinin peşmanı olanların məsuliyyətdən yaxa qurtarması mümkün görünmür. Suvarma Sistemləri İdarəsi və 35 artezian quyusundan istifadə edən sakinlərə vurduğu ziyanın əvəzini onlar azadlıqları bahasına ödəməli olacaqlar.
Ramiz Məhərrəmov -Samux Rayon Polis Şöbəsinin CAB-nın rəisi: “Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984- cü il təvəllüdlü Əsgərov Tehran Qəməndər oğlu və Füzuli kənd sakini 1993- cü il təvəllüdlü Qəmbərli Həsrət Söhrab oğlu növbəti dəfə artezian quyularının kabellərini oğurlayan zaman tərəfimizdən saxlanılıb”.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan işin istintaqı aparılır.
Natiq Hüseyn
- Baxış: 1724