• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 03.02.2017 15:28

Qışda hovuz səfası sürmək istəyənlər, diqqətli olun!

KepezTV Player

Hovuzlar. Qış mövsümündə bəlkə də çoxlarının heç yadına da düşmür üzmək. Amma Gəncədə sağlamlığına və istirahətinə dəyər verənlər havaların  şaxtalı olmasına baxmayaraq, hovuzlara üz tuturlar. Sahibkarlar da bundan yararlanaraq müştərilərin rahatlığını, eləcə də sağlamlığını təmin etmək üçün maksimum şərait yaratmağa çalışırlar. 

Gəncədə fəaliyyətləri mövsümü xarakter daşımayan 6 hovuz var. Saat 9-dan gecə 12-ə kimi könlü üzmək istəyən suya baş vura bilər.

Rəşad Kazımov- şəhər sakini: “Çöldə qar olmasına baxmayaraq, hovuzlardan istifadə edirik. Hamıya məsləhət görərdim gəlib üzgüçülüklə məşğul olsunlar. Həm sağlamlıqdır, həm də istirahət edirəm. İnsana da birinci növbədə sağlamlıq və istirahət vacibdir”.

Elmir Rəcəbov- şəhər sakini: “Hovuz səliqəlidir, üzürəm və dincəlirəm. Su da təmizdir”.

Yayla müqayisədə müştərilərin sayı az olsa da, inzibatçı Anar Qasımov bunu normal hesab edir. Suda +15, zallarda isə +25 dərəcə istilik yaradılmaqla normal temperatur təmin olunur.

Anar Qasımov- hovuzun inzibatçısı: “Qış mövsümü olmasına baxmayaraq, davamlı müştərilərimizin burda gəlib dincəlməsi, sağlam həyat keçirməsi üçün əlimizdə şəraitimiz var. Gündəlik antibakterioloji dərmanlardan istifadə olunur ki, sağlamlığa xələl gətirən xəstəliklər olmasın. Bilirsiniz ki, mikroblar su vasitəsilə yayılır".

Yayda olduğu kimi qışda da əsas məsələlərdən biri suyun təmizliyidir. 

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əhaliyə xəbərdarlıq edərək bildirir ki, hovuzların xidmətlərindən istifadə edən zaman mütləq şəxsi gigiyenik qaydalara əməl edin. Əks təqdirdə su vasitəsilə özünüzü və digərlərini xəstəliklərlə yoluxdurmuş ola bilərsiz.

Mərkəzin bölmə müdiri Fazil Nəbiyevin sözlərinə görə, şəhər hovuzlarında bu günə kimi hər hansı bir xəstəliyin yayılması müşahidə olunmayıb, nəzarət həftəlik olaraq həyata keçirilir.

Fazil Nəbiyev- Gəncə şəhər GEM-in bölmə müdiri: “Tərəfimizdən müntəzəm olaraq su nümunələri götürülür və mərkəzin kimyəvi və bakterioloji laboratoriyasında müayinə olunur. Əgər suyun göstəriciləri kimyəvi və bakterioloji tələblərə cavab vermirsə, tərəfimizdən o sahibkarlara tövsiyyə xarakterli təkliflər verilir. Bu hovuzlarda bəzi yoluxucu xəstəliklərin yayılma ehtimalı olduğuna görə, onlara tərəfimizdən nəzarət olunur”.

Gəncədə qışda su kefi yaşamaq istəyənlər 5 manatdan 20 manata qədər pulundan keçməlidir.

Xaliq Qurbanlı