• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 30.01.2017 15:53

Gəncədə “Kəpəz Kuboku” rəqs müsabiqəsi keçirilib

KepezTV Player

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçısı olduğu müsabiqə artıq ikinci dəfədir ki, baş tutur.

Gəncə Olimpia İdman Kompleksində həyəcan yaşanır. Balaca rəqqaslar bir az sonra başlayacaq müsabiqə üçün hazırlaşırlar. Kimi öz yerini tutmaq üçün tələsir, kimi də təqdim edəcəyi rəqs nömrəsini məşq edir...

Əziz Əzizov- Azərbaycan Rəqs Assosiasiyasının prezidenti: “Bizdə rəqs şousu var. Bu rəqs şousu müasir rəqs növlərinin sintezidir. Daha sonra hip-hop olacaq, yəni küçə rəqsləri. Daha sonra bizdə folklorun üstündə qurulmuş müəllif rəqsləri olacaq. Eyni zamanda, folklor-etnika. Bura bizim dədə-baba qaydası ilə qurulmuş rəqslər daxildir. Müsabiqəni Bollivud, yəni hind rəqsləri ilə yekunlaşdıracağıq”.

Müsabiqədə ölkənin 9 rayonundan 20-dən artıq kollektiv iştirak edib. Bakı 6, Gəncə isə 2 komanda ilə təmsil olunub. 4 yaş qrupu üzrə yarışan iştirakçılar həm tək, həm də qrup şəklində öz bacarıqlarını nümayiş etdiriblər. 

Xaliq Əliyev- xoreoqraf: “Çox gözəl bir haldır. Uşaqlarımız inkişaf edir, təkmilləşir. Burada bir-birləri ilə görüşürlər, münasibət qururlar. Mən istərdim ki, belə müsabiqələr tez-tez təşkil olunsun”.
Elnarə Əliyeva- iştirakçı: “Biz ötən il də bu yarışda iştirak etmişdik. Yüksək nəticə göstərmişdik. Bu gün biz bu müsabiqəyə yenidən qatılmışıq və qalib olmaq arzusundayıq”.

Hüseyn Əsgərov- iştirakçı: “Biz dəfələrlə Azərbaycan çempionu olmuşuq. Biz güman edirik ki, bu yarışın da qalibi olarıq”.

Ən yaxşı rəqqaslar münsiflər tərəfindən seçilərək, bal sistemi ilə qiymətləndiriliblər. I, II və III yeri tutan komandalara kubok və diplomlar təqdim olunub.

Qeyd edək ki, "II Kəpəz Kuboku rəqs müsabiqəsində" 5 nominasiyadan 4-nü Gəncə şəhərinin komandaları qazanıb. 

 

Gülnar Fazilqızı