Artıq yanvar ayının 1-dən elektron qaydada iş və xidmətin göstərilməsinə görə ƏDV tətbiq olunur. Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq. Ancaq ekspertlər onlayn ticarətin vergidən azad olunmasının tərəfdarıdır.
Son zamanlar ümumiyyətlə vergilər nazirliyində aparılan araşdırmalar nəticəsində elektron ticarətlə məşğul olan şəxslərin müəyyən qisminin ümumiyyətlə vergi orqanında uçotda olmadığı, bəzilərinin uçotda olaraq dövriyyəsinin göstərilmədiyi aşkar olunub. Hələ 2012-ci ildə Azərbaycanda 46 hüquqi və fiziki şəxs öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək e-ticarət həyata keçirib. Hazırda bu rəqəm 2 dəfə artıb. Bu sahəyə verginin tətbiqi vergi potensialının artırılması məqsədilə həyata keçirilib.
Adil Şükürov- 12 saylı Ərazi Vergilər Departamentinin şöbə müdiri: "Burada prosesin həyata keçirildiyi yer, işin, xidmətin alıcısının olduğu yer nəzərdə tutulur. Yəni, işi, xidməti alan tərəf hardadırsa, işin, xidmətin həyata keçirildiyi yer həmin yer nəzərdə tutulur. Qeyri-rezidentdən alınan işə və xidmətə görə vergi vətəndaşın banka ödədiyi məbləğdən ödəmə məbləğində 18% vergiyə cəlb olunur. Bunu da bank öz bəyannaməsində göstərir. Satıcı tərəf qeyri-rezident yox rezidentdirsə, o, özü ƏDV-nin məqsədlərinə uyğun olaraq öz bəyannaməsini təqdim edir."
Burada söhbət elektron qaydada iş və xidmət təklif edən şəxslərdən gedir. Onlayn məhsul satışından yox. Yəni vətəndaş onlayn qaydada elektron kitablar, musiqilər, audio-video materiallar, qrafik təsvirlər, virtual oyunlar, proqram təminatları yüklədikdə, həmçinin reklamlar yerləşdirib, elektron qaydada təşkil olunan lotereyalarda iştirak etdikdə onun ödədiyi məbləğdən 18%-lik vergi tutulur. Elektron ticarət qaydasında ölkənin hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna hal sayılır. Ancaq iqtisadçı Vüqar Bayramov bu addımı müsbət qarşılamır. Çünki əksər qonşu ölkələr elektron ticarəti vergidən azad etməklə bu sahənin inkişafına dətsək olur.
Vüqar Bayramov- iqtisadçı: "Biz onlayn ticarətin vergidən azad olunmasının tərəfdarıyıq. Bu, həm də nağdsız ödənişlərin dəstəklənməsinə və plastik kartlardan daha geniş istifadəyə zəmin yarada bilər. Xidmətlərə tətbiq olunma həmin xidmətlərin qiymətinin artmasına səbəb olacaq. Həmçinin kompüter proqramları və bir sıra proqramar elektron alınır. Onların qiyməti artacaq və bazarda saxta məhsulların payını artıracaq".
İlkin təhlillər göstərir ki, ölkəmizdə e-ticarət münasibətlərində idxal əməliyyatları çoxluq təşkil edir. Dünyanın iri e-ticarət portalları- “www.e-bay.com”, “www.amazon.com”, “www.shoping.com”-un xidmətlərindən geniş istifadə olunur. Bundan başqa, sosial şəbəkələrdə geniş reklam olunan vasitəçilər ABŞ, Türkiyə, BƏƏ və Avropa ölkələrindən məhsulların gətirilməsi xidmətləri təklif edilir. Yeni qaydalar tətbiq olunduqdan sonra bücəyə daxil olan vəsaitlərin həcmi artacaq. Dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsi, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında ayrı-seçkiliyin aradan qaldırılmasına nail olunacaq.
Jalə Qurbanlı
- Baxış: 554