Yerli istehsal olan məhsulların ixracının təşviq edilməsi məqsədilə xarici ölkərlədə ticarət evləri yaradılır, eləcə də ticarət nümayəndələrinin fəaliyyətə başlaması planlaşdırılır. İqtisadiyyat Nazirliyi bu yolla rəqabətədavamlı məhsul istehsalçılarının yeni bazarlara çıxışını təşviq etmək niyyətindədir.
Gəncədə kiçik tikiş sexində çalışan Elza Rzayeva yalnız sifariş əsasında çalışdıqlarını deyir. Alıcılar isə əsasən, sexin istehsal profilini bilənlərdir. Məhsullar sərgilərə çıxarılsa da, hələ də istehsala çəkilən xərc qarşılanmır.
Elza Rzayeva- dərzi-dizayner: "Səkkiz ildən artıqdır ki, əsasən, yataq dəstləri istehsalı ilə məşğul oluruq. Ancaq hazırladığımız dəstləri satışa verə bilmirik. Daxili bazara göndərə bilmirik. Rəqabət qabiliyyətli məhsul deyirlər. Ancaq biz onun nə olduğunu bilmirik. Xərc çəkirik, ancaq məshul əlimizdə qalır. Sifariş olanda işləyirik. Məhsullar keyfiyyətlidir".
İstehlakçının təlabatını öyrənmək üçün istehsalçının ilk növbədə, maliyyə vəsaiti olmalıdır. Daha sonra isə çıxacağı bazar müəyyən edilməli və öyrənilməlidir.
Əsli Qurbanova- iqtisadçı: "Marketoloq bazarı seqmentləşdirməlidir. Bazarın təlabatı öyrənilməlidir, keyfiyyətli məhsul istehsalına diqqət etməlidir, hansı növ məhsul tələbatı ödəyə bilir. Bazar infrastrukturu öyrənilməlidir".
Əsli Qurbanova təklif edir ki, istehsalla əlaqəli Nazirliklərdə sırf marketinq işi üzrə mütəxəssislər olmalı, onlar ölkə üzrə məlumatları daim yerlərə göndərməli, istehsalçılar buna uyğun öz istehsal profilini düzgün müəyyən etməlidir.
Əsli Qurbanova- iqtisadçı: “Bu marketoloqlar bazarı öyrənməlidir ki, bu gün bazarda hansı növ məhsula ehtiyac var. Əgər mənim ehtiyacımı ödəyə biməyən məhsul varsa, yalandan pul verib o məhsulu almaram. Mənim tələbatımı yüksək səviyyədə ödəyə bilən məhsul varsa, o rəqabətqabiliyyətlidir".
Qeyd olunan məsələləri əlində az maliyyə vəsaiti ilə, istehsala yeni başlamaq istəyən istehsalçı əlbəttə ki, bilməyə bilir. Odur ki, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara bazarın tələbi, qonşu ölkələrlə olan iqtisadi əlaqələr barədə məumat verilməlidir. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. Nazirliyin ixrac portalı-www.export.az -yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımından sahibkarlara əlavə dəstək mexanizmidir.
Deyilənlərdən aydın olur ki, iş qurmaq istəyən şəxslər öz işinə daha məlumatlı yanaşsa, istehsal etdiyi məhsul əlində qalmaz, bazarlarda alıcı tapar.
Jalə Qurbanova
- Baxış: 791