• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 20.01.2017 15:03

20 Yanvar Azərbaycan xalqının yaşadığı ən zülmət gecələrdən biri idi

KepezTV Player

Hər xalqın tarixində dönüş nöqtəsi olur... Onun sonrakı taleyini müəyyənləşdirən dönüş nöqtəsi. 27 il əvvəl Azərbaycan xalqı da, yarım əsrdən artıq davam edən "əsirlik" həyatına bir nöqtə qoydu və başlığı "Azadlıq" olan yeni səhifə yazdı... qanı ilə, canı ilə... Kimi həmin günün şəhidi oldu, kimi şahidi.

Gəncənin Şah İsmayıl Xətai prospektində bir abidə var. Üzərində bağrı dəlinmiş bir qəlb... Bu qəlbə həkk olunan simalar, 27 il əvvəl səslənən fəryadın səssiz şahidləridir... Baxırıq və 90-cı ilin soyuq qış günündə baş vermiş o hadisə tarixin tozlu səhifələrindən ayrılaraq, yenidən gözlər önündə canlanır. Düzdür, tarixin tozlu səhifələri deyirəm, amma Azərbaycan xalqının əzmi, boyunəyməzliyi, vətən sevgisi və azadlıq eşqi ilə yazdığı heç bir səhifə tozlu deyil, heç vaxt yaddan çıxmır... Unudulmur, unutdurulmur... 

Əksəriyyət, 90-cı ilin 19-20 yanvar tarixlərində baş verənləri, bu faciənin ildönümü ərəfəsində xatırlayır. Lakin bəziləri üçün həmin günlərdə yaşananlar, Azərbaycan xalqına yaşadılanlar 27 il əvvəl yox, dünən baş vermiş kimi təzədir. Belə insanlardan biri də Hikmət Əmiraslanovdur.

Hikmət Əmiraslanov- 20 Yanvar əlili: “Sovet dövlətinin tərkibində yaşayıb, belə bir iddia ilə çıxış eləmək hər xalqa nəsib olmayıb. Bu, bizim xalqın böyüklüyü idi, böyük ürəyi idi. Sovet imperiyası da son anda can verməkdə olan bir yırtıcıya bənzər idi. O səbəbdən də, əhalini qırdı”.

Bəli, 70 ilin "böyük qardaş"ı, "kiçik qardaş"ının üstünə zirehli texnika yeridir. Onu öz qanında boğmaq üçün... Edir də...

Hikmət Əmiraslanov- 20 Yanvar əlili: “Çox amansızcasına tankların üstündən, binaların üstündən atəş açırdılar. Mən olduğum yer "Salyan kazarması" deyilən bir yer idi. Onun qarşısında biz, belə deyək, öz cavan ağlımızla, öz fikrimizlə guya blokada qurmuşduq. Kazarmanın içərisində də ordu var idi. Onlar çıxmasın deyə. Lakin elə olmadı. Kazarmanın içərisindən yox, şəhərin qıraqlarından, Bakı şəhərinin ətrafından insanları qıra-qıra mərkəzinə yaxınlaşdılar”.
Və beləliklə 1990-cı ilin 20 Yanvar günü Azərbauycan xalqının tarixinə və yaddaşına qanlı hərflərlə, dəhşətli hadisələrin yaşandığı gün kimi yazılır... Həmin gecə və sonrakı günlərdə Bakı və ətraf rayonlarda ümumilikdə 146 nəfər öldürülür ki, onlar arasında Gəncə sakini Valeriy Boqdanov da olur... İndi həmin gün yaşananları onun anası xatırlayır və hər nə qədər çətin olsa da, bizimlə bölüşür.
 

Valya Boqdanova- Valeriy Boqdanovun anası: "Həmin vaxt oğlum milli təhlükəsizlik orqanlarında çalışırdı. Gecə, iki iş yoldaşı və bir sürücü ilə şəhəri yoxlamağa çıxıblarmış. Tbilisi porspekti ilə İnqlab küçəsinin kəsişməsində onların olduğu avtomobil atəşə tutulur. Kim tərəfindən, bilinmir. İş yoldaşlarından biri vurulur və oğlumun üstünə yıxılır. Ondan bir neçə saniyə sonra Valeriy də vurulur".
8-ə 15 dəqiqə işləmiş Tbilisi prospekti ilə İnqilab küçəsinin kəsişməsində atəşə tutulan avtomobildə güllə yarası alanları xəstəxanaya gətirirlər. Valeriy Boqdanov burada 342-ci yaralı kimi qeydiyyata alınır. Əməliyyat olunur, lakin...
Valya Boqdanova- Valeriy Boqdanovun anası: "Düzdür, Bakıda Şəhidlər Xiyabanında onun adına lövhə var, amma oğlumu burada, Gəncədə dəfn etmişik.... Həmin il, dəhşətli bir il idi. 27 il keçib, amma mənə elə gəlir ki, hər şey dünən olub. Mən bir ana kimi, həmin hadisələrin bir daha təkrarlanmasını heç vaxt istəmərəm ".

Valeriy Boqdanov ömrünün 31-ci qışında həyata gözlərini yumdu... Həmin gecə qurban edilənlər arasında ondan cavanı da var idi, yaşlısı da. Lakin hamısının istəyi bir idi: azad ölkədə yaşamaq... 

"Hər zülmət gecənin bir gündüzü var". Həmin gecə, Azərbaycan xalqının yaşadığı ən zülmət gecələrdən biri idi... və bitdi... İndi biz, həmin gecənin gündüzünü yaşayırıq, aldığımız hər nəfəsdə həmin gecə qurban edilənlərin nəfəsini hiss edərək...

Gülnar Fazilqızı