• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 19.01.2017 15:30

Yerli brendlərin istehsalda tətbiqi vacib sayılır

KepezTV Player

Bloomberg agentliyi “İnnovation İndex” adlı dünyanın ən innovativ iqtisadiyyatları reytinqini təqdim edib. Reytinqin lideri keçən il olduğu kimi, Cənubi Koreya olub. İkinci pillədə İsveç, üçüncü pillədə isə Almaniya qərarlaşıb. Həmçinin, ilk onluğa İsveçrə, Finlandiya, Sinqapur, Yaponiya, Danimarka, ABŞ və İsrail daxil olub. Ölkəmizdə iqtisadiyyatın innovativ texnologiyalarla təchiz olunma səviyyəsi qənaətbəxş hesab olunsa da, mütəxəssislər yerli brendlərin istehsalda tətbiqini vacib sayır.

“Bloomberg” reytinqi təşkil edərkən ölkələrin nəticələrini aşağıdakı sahələr üzrə nəzərdən keçirib: —tədqiqat və inkişaf —əlavə edilmiş dəyərlə istehsal —məhsuldarlıq —yüksək texnologiyalı ictimai şirkətlərin sayı — ali təhsil səviyyəsi — tədqiqat və inkişaf sahəsi üzrə mütəxəssislərin sayı — patent fəallığı.

Səbuhi Yusifov- ATU-nun prorektoru: "Müasir dövrdə ənənəvi yollarla rəqabət dövlətlər üçün prioritet sayılmır. Çünki bu yolla rəqabət aparmaq mümkün deyil. Buna görə bütün ölkələr innovativ texnologiyaların iqtisadiyyata tətbiqi yolu ilə müqayisəli üstünlüyü əldə etməyə çalışırlar. Məhz buna görə dünyanın ən inkişaf etmiş ölkələrində artıq iqtisadiyyatda, istehsalatda, idarəetmədə son nəsil texnologiyaların tətbiqinə yol verilir".

İntellektual potensialın, əqli mülkiyyətin kommersiyalaşdırılması yolu ilə yeni məhsul və avadanlıqların istehsalını təmin etmək isə innovativ iqtisadiyyata nail olmaq üçün əsas sayılır. Ölkəmizdə bununla bağlı ciddi islahatlar aparılır.

Səbuhi Yusifov- ATU-nun prorektoru: "Bu gün ölkədə innovasiyaların iqtisadiyyata tətbiqi aktualdır. Sadəcə bizim üçün əhəmiyyətli olan odur ki, biz yerli brend adı altında öz məhsullarımızı buraxaq. Bu gün Azərbaycanın kifayət qədər imkanları var ki, xarici ölkələrdən yüksək texnologiyaları gətirib tətbiq etsin. Bundan sonrakı mərhələdə biz yerli potensialın hesabına formalaşdırmağa çalışmalıyıq".

Elə təkcə Gəncə şəhərində 2016-cı ilin 9 ayında istehsal olunan sənaye məhsulunun 58,5 faizi özəl bölmənin payına düşüb. Ümumi istehsalın 92,6 faizi sənaye mallarının istehsalı hesabına yaranıb. Bu da əsasən ən müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunub. Şəhərdə fəaliyyət göstərən 10-a yaxın iri istehsal müəssisəsində İKT-nin ən son texnoloji yenilikləri tətbiq olunur.

Muxtar Yusifov- Gəncə Tekstil ASC-nin istehsalat rəisi: "Kombinatımız 1926-cı ildən fəaliyyət göstərir. 2005-ci ilə qədər Sovetlər birliyindən olan avadanlıqlarla çalışmışıq. 2005-dən sonra ÇXR yeni avadanlıqlar gətirmişik. Fərqi odur ki, buradan çıxan məhsullarımız yüksək səviyyədədir. Əl əməyindən az istifadə olunur. Köhnə istehsaldan qat-qat yüksək səviyyədə çalşırıq".

Post neft dövrü olduğundan iş adamları yeniliklərin tətbiqinə daha həvəskar olmalıdır.

Afina Babayeva- Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə Regional nümayəndəliyinin rəhbəri: "Amma sahibkarları passiv adlandırardım. Mən onları çağırıram ki, öz problemləri, ölkədəki iqtisadi mühitin formalaşmasında iştirak etsinlər".

Hazırda dünya ölkələri ildə informasiya texnologiyalarına 1 trilyon dollardan yuxarı vəsait xərcləyir. Məhz buna görə də bütün ölkələr üçün, ümumilikdə dünya iqtisadiyyatı üçün bu xərclərin hansı dərəcədə effektiv olması xüsusi əhəmiyyətə malikdir.
Jalə Qurbanlı