Gəncə Dövlət Universitetinin kollektivi də yanvar şəhidlərinin xatirəsini anıb. “20 Yanvar Qan yaddaşımızdır” başlıqlı gecədə Sovet və o vaxtkı ölkə rəhbərliyinin xalqı aldadaraq qırğına verdiyi, paytaxtda və ölkənin bir neçə bölgəsində günahsız insanların qanının axıdılması qınanıb. Baş verənlərə dözməyərək ayağa qalxan xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsinin verilən şəhidlər hesabına qalibiyyətlə nəticələndiyi önə çəkilib. Odur ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolunun mübarizlik zirvəsidir. Uzun illər Sovet imperiyasının əsarətindən qurtulub azadlıq səsini ucaltdığı tarixdir. Nümayiş etdirilən video-çarx və tələbələrin ifasında kompozisiyalar bunu bir daha təsdiqləyib.
Gülsüm Fətəliyeva- GDU-nun prorektoru: “27 il ərzində Azərbaycan xalqı şəhidlərimizin qəhrəmanlıq səlnaməsini heç vaxt unutmayıb. Biz bir universitet olaraq bütün fakültələrdə tədbirlər keçirmişik, rəsm, inşa müsabiqəsi olub, gənclər burada iştirak ediblər. 20 Yanvar xalqımızın həm ağır, kədərli günü, həm də qəhrəmanlıq salnaməsidir. Bizim xalq bununla fəxr edir. Bu, müstəqilliyə gedən yolun əsasını qoyub”.
Elnur Vahidoğlu
- Baxış: 758