• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 25.10.2016 15:37

“Kəpəz” PFK-nın rəhbərliyi azarkeşlərlə görüşdü

Gəncə şəhər stadionunda “Kəpəz” PFK-nın rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib. Əsas komandanın baş məşqçisi Şahin Diniyevin də iştirak etdiyi toplantıya 3 fanklubun üzvləri qatılıb.

Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib. O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb. Elmar Əliyevin klubda fanklublarla iş üzrə əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan Mikayıl Nərimanğlu bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.   

Görüşdə çıxış edən Şahin Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Azərkeşlər bizim bir qolumuzdur, onlarsız futbol oynamaq cinayət olar. Gəncə azarkeşləri həmişə möhtəşəmdirlər, bu, mənim həmişəki sözümdür. Futbolu anlayan azarkeşlərdir. Həm sevincdə, həm də kədərdə bir yerdə olmağımız mütləqdir. Rəhbərlik, futbolçular və azarkeşlər vəhdət təşkil etməliyik ki, uğurlar gəlsin. Mənə elə gəlir ki, heç bir komandada olmayan vəhdət bu gün bizdə var”.

Azarkeşlərin çoxsaylı sualları ilə davam edən bir saatlıq görüş qızğın müzakirələrə yol açıb. Klub rəsmiləri onları maraqlandıran mövzular haqda fikirlərini bölüşüb, müəyyən məsələlərə aydınlıq gətiriblər. 

Azad Rəfi