• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 20.10.2016 18:13

Şəmkir Olimpiya İdman Kompleksində yeniyetmə qız və oğlanlar arasında cüdo üzrə zona birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyası yeni mövsümə bu il Şəmkirdə start verib. İlin sonudək regionlarda və paytaxtda keçiriləcək yarışlar bu idman növünün daha populyarlaşmasına yönəlib. 

Qərb bölgəsini əhatə edən zona birinciliyində Gəncə, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Qazax və Tovuz idmançıları güclünü ayırd edib. Yarışda 272-si oğlan, 8-i qız olmaqla ümumilikdə 280 yeniyetmə cüdoçu iştirak edib. İki gün davam edən birincilikdə oğlanlar 13, zərif cinsin nümayəndələri isə 2 çəkidə qalibi müəyyənləşdirib. 

Ağayar Axundzadə - yığmanın sabiq məşqçisi: "Beynəlxalq Cüdo Federasiyasının təqvim planına əsasən gələn il yeniyetmələr arasında Avropa və dünya birincilikləri var. Ona görə də federasiyanın rəhbərliyi bölgələrdə cüdonun inkişafı istiqamətində yeni proqram tərtib ediblər. Bu da bizim ilk yarışımızdır. Burada şərait çox yaxşıdı. Məlumdur ki, Şəmkir və Gəncə kimi şəhərlərdə cüdonu çox sevirlər. Bu yarışlardan sonra fikrimiz var ki, gələn il hər hansı bir Azərbaycan çempionatını burada keçirək."

Cüdo Federasiyasının bölgələrdə bu idman növünün inkişafı istiqamətində gördüyü işlər çərçivəsində hakimlər də diqqətdən kənarda qalmayıb. Bunun üçün zona birinciliyində paytaxtdan gələn ədalət qoruyucuları ilə yanaşı regiondan olan hakimlər də görüşləri idarə edib. 

Xanəhməd Rzazadə - hakim: "Yarışımız yüksək səviyyədə təşkil olunub. Buna görə hər kəsə minnətdarlığımızı bildiririk. Yarışda hər bir şey ən incə detalına qədər düşünülüb. Zona birinciliyində paytaxt hakimləriylə birlikdə region hakimlərinə də yer veriblər. Bu da bizim respublika yarışlarında iştirakımıza kömək edəcək".

Yarışda ən çox idmançı Gəncəni təmsil edib. Elə bu səbəbdən də mükafatçılar sırasında qərarlaşan əksər cüdoçular Nizami yurdundan olub. 

Röyal Rüstəmov - yarışın qalibi: "Bu cür yarışlar bizim üçün çox vacibdir. Çünki biz belə yarışlarda təcrübə qazanırıq. Burada 5 görüş keçirdim. Bütün rəqiblərimi məğlub edərək birinciliyin qalibi oldum."

Zona birinciliyinin sonunda mükafatlandırma mərasimi keçirilib. Yarışda fərqlənən tatami ustaları federasiya tərəfindən medal və fəxri fərmanla təltif olunub. Mübarizələrdə ilk 3  mövqedə yer alan cüdoçular dekabrda Bakıda keçiriləcək Azərbaycan birinciliyə vəsiqə qazanıb. Paytaxtdakı yarışın qalib və mükafatçılar isə dünya və Avropa birinciliklərində iştirak etmək hüququ əldə edəcək.

Orxan Cəfərzadə