Futbol sahəsində çalışan gənc məşqçilərin daha təcrübəli mütəxəssis kimi yetişməsi əsas vəzifələrdən hesab olunur. Bu yöndə ixtisasartırma kurslarının keçirilməsi və məşqçilərə kateqoriyaların verilməsi AFFA-nın üzərindədir. Assosiasiya tərəfindən artıq 10 ilə yaxındır ki, UEFA-nın müxtəlif kateqoriyalı məşqçi kursları keçirilir. AFFA tərəfindən sonuncu belə seminar B lisenziyası üzrə təşkil olunub. Məşğələlərdə təcrübəsini artırmaq məqsədi ilə Gəncədən 5 məşqçi iştirak edib. Onlardan biri Mətləb Məmmədov olub. "Kəpəz" futbol klubunun 15 yaşlılardan ibarət komandasında çalışan Məmmədov 4 mərhələdən ibarət olan kurslarda bilik və bacarığını artırmağa çalışıb.
Mətləb Məmmədov - məşqçi: "Futbol elə bir idman növüdür ki, daim nəsə öyrənməlisən. Biz hələ B kateqoriyasını oxuyuruq. Qarşıda A və PRO kateqoriyalarına sahib olmağı arzulayıram. Təcrübəmizi artırmaq istəyirik, böyük futbolda çalışmaq üçün dərin biliklərə yiyələnmək lazımdı. Gərək futbol haqda çox şey biləsən ki, böyük komandalarda işləmək asan olsun".
Futbolçu karyerası ərzində "Şəmkir", "Karvan", "Kəpəz" və "Qəbələ" kimi klublarının şərəfini qoruyan 34 yaşlı sabiq müdafiəçi 2013-cü ildə butslarını mıxdan asdıqdan sonra məşqçiliyə başlayıb. O, məşqçi kimi ilk addımlarını I Divizionda çıxış edən İmişlinin "Mil Muğan" klubunda atıb. Ötən ildən doğma klubunda işləyən gənc mütəxəssis yeniyetmə futbolçulara bu idman növünün sirrlərini öyrədir.
Mətləb Məmmədov - məşqçi: "Çalışırıq ki, müasir futbolu gənc nəsilə çatdıra bilək. Uşaqları öyrədirik ki, onlar gələcəkdə peşəkar futbolçu kimi formalaşsınlar. Başlıca məqsədimiz isə, "Kəpəz" komandasına layiqli futbolçu yetişdirməkdi".
Mətləb Məmmədov B kateroqriyasından əvvəl C lisenziyasına sahib olub. O, 2014-cü ildə futbolda ilk kateqoriyasını alıb.
Əvvəllər məşqçilər üçün kateqoriya almaq məsələsi bir o qədər aktual olmasa da, bu gün bu, müasir futbolun əsas tələblərindən biridi. Peşəkar futbolda lisenziyasız məşqçi kimi fəaliyyət göstərmək demək olar ki, mümkünsüzdü.
Hidayət Şahin
- Baxış: 493