• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 01.04.2016 15:52

Gəncədə uşaq və yeniyetmələr arasında keçirilən kikboksinq üzrə açıq birinciliyə yekun vurulub

Novruz bayramına həsr olunan yarış 2 saylı Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub. Birincilik 5 yaş qrupu üzrə keçirilib. Kikboksinqin lou-kik və full kontakt versiyaları üzrə gedən mübarizələrdə 100-ə yaxın idmançı 30 çəki dərəcəsində qüvvəsini sınayıb. Yarışda 2 saylı UGİM-in 4 komandası ilə yanaşı, Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı, "Lokomotiv" İdman Cəmiyyəti, Fiziki Hazırlıq İdman klubu həmçinin Göygöl, Samux və Kəlbəcər kikboksinqçiləri də döyüşüb.

İlqar Alıyev- əməkdar məşqçi: "Bu yarışı keçirməkdə əsas məqsədimiz odur ki, idmançılarımız böyük turnirlərdə - Dünya və Avropa çempionatlarında öz güclərini göstərə bilsinlər. Bundan başqa, kikboksinqçilərimiz fiziki hazırlıqlarını bərpa etsinlər və öz üzərilərində daha yaxşı işləsinlər".

Yarışın nəticələrinə əsasən müxtəlif yaş qruplarında və çəki dərəcələrində 2 saylı UGİM-dən Əli Alıyev, Akon Azadov, Raul Məmmədov, Kamran Allahverdiyev, Emil Əliyev, İsimxan İbrahimov, Hüseyn Əsgərov, Rəşad Rəhimov, Fuad Qəmbərov və Pünhan Berno birinciliyin qalibi olub. Fiziki Hazırlıq İdman klubundan Fərda Həsənovla Məftun Orucov, TİM-dən Elşən Əliyev, "Lokomotiv"dən isə İsmayıl Səfərov baş mükafata yiyələnib.

Qeyd  edək ki, bu yarışda yer tutan idmançılar respublika birinciliyində qüvvəsini sınamaq şansı qazanacaq. Yarış aprel ayının 20-si 24-ü tarixlərində Göygöl rayonunda reallaşacaq.

Hidayət Şahin