• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 14.03.2016 16:03

TRİM-in Gəncə filialında taekvondo üzrə açıq birincilik keçirilib

Novruz bayramına həsr olunan yarış yeniyetmə oğlan və qızlar arasında təşkil olunub. Birinciliyin açılış mərasimində ölkəmizdə yeni idman növlərindən olsa da taekvondonun sürətlə populyarlaşması və bunun nəticəsi kimi bölmələrə üzv olanların sayının günü-gündən artması vurğulanıb. Azərbaycan taekvondoçularının artıq dünyada güclülər sırasında yer alması diqqətə çatdırılıb. Rəsmi hissədən sonra ardınca döyüşlər start götürüb. Yarışda 3 yaş qrupu üzrə idmançılar qüvvəsini sınayıb.  250 taekvondoçunun mübarizə apardığı birincilikdə Gəncə təmsilçiləri ilə yanaşı Bakı, Sumqayıt, Qax, Göygöl, Tovuz, Şəmkir, Zərdab və Yevlax idmançıları da mükafatlar uğrunda yarışıblar.

Vüqar Məmmədov- yarışın baş hakimi: "İlk dəfə olaraq qərb bölgəsində elektron jilet üzrə yarış keçirilir. Burada əsas məqsəd şəhərlər və rayonlar arasında yoldaşlıq görüşləri təşkil etmək və dostluq münasibətlərini yaratmaqdır. Qarşıda 2002-2004-cü il təvəllüdlü yeniyetmələrin respublika birinciliyi olacaq. Həmin birincilik öncəsi bu yarışda şəhər yığmasının heyətini müəyyən etmək istəyirik. Həmçinin, qərb bölgəsindəki fəal idmançıları aşkarlayırıq".

Yarışın nəticələrinə əsasən əldə olunan medallara görə Sumqayıt idmançıları komanda hesabında 1-ci olub. Qarşıda bu yaş qrupunda olan  taekvondoçuları Qəbələdə respublika turniri gözləyir.

Qərb regionunda ən böyük idman ocağı kimi tanınan Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı həm də fəallığı ilə seçilir. Mərkəzin təşkilatçılığı ilə son dövrlər keçirilən yarışların sayının artması buna sübutdur.

Hidayət Şahin