• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 29.02.2016 15:23

Gəncədə yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birincilik keçirilib

Gəncədə 26 fevral - Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarış "Zenit" İdman Cəmiyyətinin təşəbbüsü ilə reallaşıb. Birinciliyin rəsmi hissəsində əsrin faciəsi olan Xocalı soyqırımı haqda idmançılara məlumat verilib, şəhid olan günahsız insanların xatirəsi yad olunub. Erməni vəhşiliklərini özündə əks etdirən videogörüntülər nümayiş etdirilib. Daha sonra idmançılara uğurlar arzulanıb və görüşlər başlayıb.

Birincilikdə 100-ə yaxın güləşçi çıxış edib. Yarışda Gəncənin 1 saylı Uşaq Gənclər İdman Məktəbi, "Dinamo" və "Zenit" İdman Cəmiyyətləri, həmçinin Mingəçevir və Yevlax güləşçiləri də qüvvələrini sınayıblar.

2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda güləşçilər 15 çəki drəcəsində güclünü müəyyənləşdirib.

Aftandil Abdullayev- yarışın baş hakimi: "Yarışımızı hər il ənənəvi olaraq keçiririk. Məqsədimiz, Xocalı faciəsində baş verən hadisələri yeniyetmə nəslə çatdırmaq, şəhid olanlarımızın ruhlarını anmaqdır.  Bundan başqa, güləşçilərimizin idman texnikasını artırmaq istəyirik".

Yarışın nəticələrinə əsasən, komanda hesabında "Zenit" İdman Cəmiyyəti birinci, Yevlax güləşçiləri ikinci, Gəncədən "Dinamo" İdman Cəmiyyətinin yetirmələri isə 3-cü yeri tutub. Mükafatçılar sırasına düşənlər diplom və medallarla təltif olunublar.

Hidayət Şahin