Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Söhbət zamanı adıçəkilən şirkətin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulanıb. Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən yaşıl enerji sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə də görüş keçirib. Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olunub, gələn ilin sonunda həmin stansiyanın istifadəyə veriləcəyi bildirilib. Görüşdə “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.
Azad Mustafayev
- Baxış: 2004