Gəncə Lokomotiv Deposunun əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Depo, sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir. Burada çilingərlər, mexaniklər və müxtəlif sahələr üzrə mütəxəssislərin fəaliyyət göstərməsi, hər bir elektrovozu texniki baxışdan keçirmək və lazım olan təmir işlərini icra etmək imkanını yaradır.
Nizami Cəfərov- çilingər: “Lokomotivlər təmirə gəldikdə aşağı və yuxarı gərginlik dolabları açılır, bizim tərəfimizdən yoxlanılır. İzolyatorlar silinir, yoxlanılır, keçirici izolyatorlara baxırıq ki, heç bir nasazlıq olmasın, şinlərdə nasazlıq olmasın, kuza arası açılır-bağlanılır, yoxlanılır ki, heç bir nasazlıq olmasın, yaranan problemlər yoxlanılır, aradan qaldırılır və lokomotivlər işə buraxılır”.
Pərviz Kazımov çilingər: “Gəncə Lokomotiv Deposunda elektrovozlar təmirə gələn zaman elektrovozları yoxlayırıq, nasazlıqları aşkar edirik və yaranan nasazlıqları aradan qaldırırıq. Həmçinin mütəxəssislər tərəfindən yoxlanılır. Hansısa detal xarab olubsa, sıradan çıxıbsa, o detalı dəyişirik və dəyişdikdən sonra təmirə mütəxəssis tərəfindən də baxış keçirilir və hazır vəziyyətdə olanda mütəxəssis elektrovozu işə buraxır”.
Elektrovozlar hər 37 gündən bir bu depoya gətirilərək onların texniki vəziyyəti davamlı nəzarətdə saxlanılır. Bu, elektrovozların hər bir səfər öncəsi optimal işləmə vəziyyətində olmasını təmin edir. Texniki baxış prosesində elektrovozların mühərrikləri, elektrik sistemləri, sürüş sistemləri və digər kritik komponentlər detallı şəkildə yoxlanılır və hər hansı bir nasazlıq aşkar edilərsə dərhal aradan qaldırılır.
Tərlan Əhmədov- aparıcı mütəxəssis: “Depoda hal-hazırda Fransa istehsalı olan 40 ədəd “AZA8” seriyalı lokomotivlərin təmiri həyata keçirilir. Qeyd olunan lokomotivlər 37 gündən bir planlı təmirə daxil olurlar və gündəlik olaraq plandankənar təmirlərimizdə olurlar. 08:00-da lokomotivləri təmirə qəbul edirik, planlı şəkildə, qrafikimizə əsasən. Planlı şəkildə təmirə gəldikdən sonra aidiyyəti işçilərimiz, çilingərlərimiz, mühəndislərimiz yoxlanışlar edirlər, lokomotivlərin təkər cütləri, dam avadanlıqları, lokomotivin daxili bölməsində avadanlıqlar yoxlanılır. Nasazlıqlar aşkar olunarsa yerindəcə tədbir görülür. Maşinistin qeydiyyat dəftərindəki nasazlıqlar araşdırılır. Aradan qaldırılır və yekun olaraq test olunur. Lazımi avadanlıqlar yoxlanıldıqdan sonra istismara veririk”.
Gəncə Lokomotiv Deposu texniki baxış və təmir işləri ilə yanaşı regional inkişafın və iqtisadiyyatın dəstəklənməsində mühüm rol oynayır. Depo, bölgənin nəqliyyat infrastrukturu ilə bağlı tələblərə cavab verən dəmir yolu nəqliyyatının etibarlılığını artırır. Bu da öz növbəsində, regional əhəmiyyətli yük və sərnişin daşımalarını daha səmərəli və təhlükəsiz həyata keçirmək imkanı yaradır.
- Baxış: 438