Ölkəmizin ev sahibliyi edəcəyi MDB oyunlarında daha bir karate növü üzrə yarışların qərb bölgəsində keçirilməsi planlaşdırılır. Bundan başqa, bir sıra beynəlxalq əhəmiyyətli karate turnirlərinin də Nizami yurdunda təşkili nəzərdə tutulur.
Tokio Olimpiya Oyunlarının proqramına salındıqdan sonra ölkəmizdə bu idman növünə maraq artıb. Onun üçün federasiya artıq bölgələrdə karatenin inkişafına daha ciddi fikir verir, həmçinin mütəmadi olaraq yarışlar keçirir. Bu mənada Gəncədə də cari ildə bir neçə turnir təşkil edilib. Gələn il Cavadxan yurdunda reallaşacaq 3-cü MDB oyunlarında 22 idman növü arasında yer alan karate üzrə yarışlar da bu regiona salınacaq.
Qabil Sayadov- AKF-nin baş katibi: “MDB oyunlarında karate məhz Gəncə regionunda keçiriləcək. Gəncə və Qazaxda. Gənclər və İdman Nazirliyi, eləcə də Gəncə regionu üzrə nümayəndəmiz Əziz müəllimlə bərabər baxış keçirilib. Maddi-texniki baza baxımından bütün standartlara cavab verir. Gəncədə yeni tikilən İdman Sarayı və Qazax Olimpiya İdman Kompleksi hər ikisi müasir stardartlar səviyyəsindədir”.
Gəncə İdman Sarayı istifadəyə verildikdən sonra ifrastrukturu göz önünə alan Milli Karate Federasiyası yaxın gələcəkdə burada mötəbər turnirlərin keçirilməsini də hədəfləyib. İdman qurğusunda şəraitin yüksək səviyyədə olması nüfuzlu yarışların keçirilməsinə zəmin yaradır.
Qabil Sayadov- AKF-nin baş katibi: “Region yarışlarını daha da böyütmək, hətta burada beynəlxalq turnirləri təşkil etmək istəyirik. Təbii ki, burada Avropa çempionatı da keçirmək olar. Mötəbər yarışları biz Gəncədə rahat şəkildə keçirə bilərik. Həm maddi-texniki baza, həm də idmançı resursları baxımından demək olar ki, Gəncə beynəlxalq səviyyəli yarışları öz üzərinə götürəcək qüvvəyə malikdir”.
Federasiya karateni ölkədə daha da peşəkar səviyyəyə daşımaq üçün bir neçə ay öncə məqşçilərin sertifikatlaşdırılmasını həyata keçirib. Gəncə komandasının əksər çalışdırıcıları məşğələlərdə iştirak edərək sertifikata yiyələniblər.
Orxan Cəfərzadə
- Baxış: 843