• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 10.07.2024 18:58

Növbədənkənar parlament seçkisinə hazırlıq

Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq. MSK sədri Məzahir Pənahov dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib. Bildirib ki, bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi maraq arxa planda qalmalıdır.

Azad olunan ərazilərdə seçki məntəqələrinin sayı artırılır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, artıq sözügedən ərazilərdə  8 məntəqə yaradılıb. Sədr seçkini müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gələcəyini də bildirib. Məzahir Pənahov- MSK-nın sədri: “Ötən seçkilərdə orada 26 məntəqə yaradılmışdı. Daimi əsaslarla və 5 günlük məntəqə var idi ki, ümumilikdə 45 məntəqə orada fəaliyyət göstərirdi. İndi onun sayı kifayət qədər artacaqdır. Elə 8 məntəqəni dünən yaratdıq. Orada seçkilər daha geniş şəraitdə keçiriləcək”.  

Azad edilən ərazilərə 1997 ailə köçürüldüyünü deyən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev 24 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komissiyasının yeni təmirli binaya köçürüldüyünü də vurğulayıb. O, seçici siyahılarının dəqiqləşdirilməsindən də danışıb.

Zeynal Nağdəliyev- Prezidentin köməkçisi: “2022-24-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirilmişdir və əldə olunan uçot məlumatları da tam təhlil edilmişdir. Ölkə üzrə 125 seçki dairəsi üzrə seçicilərin sayı 1 milyon 153 mindən 22,2 faiz artaraq 6 milyon 334 min 44 nəfər təşkil etmişdir”.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin səsverməsinə toxunub. 

Abidin Hüseynov- Ədliyyə nazirinin müavini: “Pentensiar xidmətdə olanlar da səsvermə hüququna malikdir. Onların səsverməsi üçün MSK dairə seçki komissiyaları ilə sıx əlaqədədir. Beynəlxalq müşahidəçilər də çox zaman pentensiar xidmətdə təşkil olunan səsverməyə böyük maraq göstərirlər”.

Seçki günü Daxili İşlər Nazirliyinin müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq. Daxili işlər nazirinin müavini Oqtay Kərimov zərurət yarandıqda sağlamlıq səbəbindən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün yaşadıqları yerə səyyar seçki qutusu aparılacağını bildirib.

Oqtay Kərimov- Daxili işlər nazirinin müavini: “Son vaxtlar qeydiyyatdan çıxaraq yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin də siyahısı dəqiqləşdirilir”. 

Prokurorluq orqanlarının seçki ilə bağlı vəzifəsi şikayətlərə baxmaqdır. Baş prokurorun birinci müavini Elçin Məmmədov qeyd edib ki, 2015-ci il parlament seçkisində seçki hüquqlarının pozulması ilə əlaqədar prokurorluq orqanlarına 23 şikayət daxil olub və onların hər biri ayrı-ayrılıqda araşdırılıb.

Azad Mustafayev