Dünən qərb bölgəsində qeyri-sabit hava fəsadlar yaradıb. Belə ki, fırtına nəticəsində çox sayda ağaclar aşıb, dam örtükləri dağılıb. Külək yaşı 100-dən çox olan irigövdəli ağacları da kökündən çıxararaq aşırıb. Avtomobil yollarına aşan ağaclar və düşən dam örtükləri bir müddət tıxaca səbəb olub. Həmçinin elektrik xəttləri sıradan çıxıb.
Gəncə, Samux, Şəmkir, Tovuz, eləcə də Qazaxda irigövdəli ağaclar küləyə tab gətirməyərək aşıb. Yollarda avtomobillərin hərəkəti məhdudlaşıb. İlkin hesablamalara görə, külək təkcə Gəncədə 50-dən artıq irigövdəli ağacı aşırıb. 5 avtomobilə ziyan vurub, bir obyektin və 3 evin dam örtüyünü dağıdıb. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Şəhər Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır.
Güclü külək Goranboyda da fəsadsız ötüşməyib. Təbiət hadisəsinin 5 mərtəbəli binanın dam örtüyünü yerə atması nəticəsində rayon sakininin avtomobilinə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, bəzi bina sakinlərinin pəncərələri də yararsız hala düşüb.
Goranboyda irigövdəli çinar ağacı kökündən qoparaq yola aşdığından, küçədə hərəkət bir müddət çətinləşib. Küləyin aşırdığı ağac rayon sakininə məxsus minik maşınının üzərinə düşərək, onu da yararsız hala salıb. Təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Boluslu kəndlərində də irigövdəli ağaclar aşıb. Rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb. Fəsadların aradan qaldırılması üçün aidiyyatı qurumlar hərəkətə keçib.
Yolda hərəkətdə olan avtomobil və piyadaların üzərinə ağac parçaları düşüb. Qeyri-sabit hava səbəbindən Göygöl, Ağstafa və Mingəçevirdə xəsarət alanlar da var. Mingəçevir sakini - 21 yaşlı Rəvan Qasımzadə isə həyatını itirib.
Bu gün və sabah güclü küləkli hava ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı, narıncı və qırmızı hava xəbərdarlığı edilib. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək insanları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit havanın iyunun 23-ü gündüzədək davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Vüsalə Cənnətova
- Baxış: 701