Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirilib. Mərasimdə müdafiə nazirinin 1-ci müavini Kərim Vəliyev Vətən müharibəsinin Azərbaycan və Rusiya Prezidentlərinin Ermənistanın Baş naziri ilə birgə üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndiyinə diqqət çəkib. 44 günlük müharibənin 30 ilə yaxın davam edən işğala son qoyduğunu bildirib. Ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin isə suverenliyin və ərazi bütövlüyünün bərpası baxımından müstəsna olduğu vurğulanıb. Əldə edilən razılığa əsasən Qarabağda yerləşdirilən Rusiya sülhməramlı missiyasının ötən dövr ərzində sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri yüksək qiymətləndirilib. Azərbaycan və Rusiya liderlərinin yaranmış yeni reallıqlardan irəli gələrək sülhməramlıların missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul etdikləri qeyd edilib. Mərasimdə xidmətdə fərqlənən Rusiya və Azərbaycan hərbçilərinə medallar təqdim olunub. Daha sonra hərbiçilərin təntənəli keçidi olub. Ardından konsert proqramı təşkil edilib.
- Baxış: 263