Voleybol federasiyasında struktur dəyişiklikləri edildikdən sonra regionlarda bu idman növünün inkişaf etdirilməsi üçün əməli işlər həyata keçirilir. Regional Voleybol Klublarının yaradılması buna əyani sübutdur. Gəncədə də regional bölmə formalaşdırılıb ki, klub fəaliyyətə başladığı qısa müddətdə kifayət qədər iş reallaşdırıb.
Gəncə Regional Voleybol Klubu noyabr ayının əvvəlindən fəaliyyətə başlayıb. İlk olaraq mütəxəssislər tərəfindən Gəncədə yerləşən məktəblərdə seleksiya işi aparılıb. Bu günədək 50-dək təhsil ocağında görüşlər təşkil olunub, 2000-dən çox uşaq arasından seçim reallaşıb. Seleksiyaların nəticəsi olaraq hazırda 500-ə yaxın oğlan və qız aktiv voleybol məşqlərinə cəlb edilib.
Sərxan Məmmədov- Gəncə Regional Voleybol Klubunun direktoru: “Düşünürəm ki, atılan addımlar regionumuzun inkişafı olaraq öz bəhrəsini verir. Çünki bu gün artıq Gəncə şəhərində bizim 5 mərkəzimiz var ki, orada mütəmadi məşqlərimiz keçirilir. Biz şəhərimiz nəqliyyatını, yaşayışı nəzərə alaraq mərkəzləri fərqli məkanlarda seçirik ki, məşqlərə qatılan bütün uşaqlar və valideynlər üçün məşqlərdə iştirak etmək daha rahat olsun. Nəticədə görülən bütün işlər ölkəmizdə voleybolun inkişafına və gənclərimizə xidmət edir ki, artıq 5 ildən sonra bizim qızlarımız 18 yaşına çatdıqda bizi Avropa çempionatında və növbəti mərhələdə ölkəmizi olimpiadalarda təmsil etsinlər”.
Regional Voleybol Klubu yalnız Nizami yurdunu əhatə etmir. Bölgənin 15 şəhər və rayonunda bu idman növü ilə məşğul olmaq istəyənlər üçün məşqlər keçirilir.
Sərxan Məmmədov- Gəncə Regional Voleybol Klubunun direktoru: “Regionlarımızda potensiallı idmançılarımız var. Biz çalışırıq ki, onları daha da inkişaf etdirək. Bizim tək məqsədimiz Gəncə şəhəri deyil, məqsədimiz regionda voleybolun inkişafıdır və bunun nəticəsində hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirdikdə ölkədə voleybolun inkişafıdır. Gəncə ilə yanaşı bizim digər şəhər və rayonlarımızda da – Mingəçevir, Goranboy, Samux və Naftalanda da məşqlərimiz keçirilir”.
6 ay ərzində Gəncə, Samux, Daşkəsən, Naftalan, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Ağdaş və Bərdədə fəaliyyət göstərən klub mayın sonunadək Tərtər, Ağdam, Göygöl, Zərdab və Ucarda da voleybol bölmələrini təşkil edəcək.
Orxan Cəfərzadə
- Baxış: 422