Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib. Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Sadır Japarovu qarşılayıb.
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub. Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırırıq, çünki bu imkandan istifadə etmək istəyən biznesmenlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənnimcə, bu, investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq. Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızıstanın bu sahədə böyük potensialı var və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik. Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq. Əlaqələrimizi daha böyük məzmunla tamamlamaq üçün, əlbəttə, gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəyik. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir, fəaliyyətimizin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir”.
Sadır Japarov- Qırğız Respublikasının Prezidenti: “Qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır”.
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.
Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki dövlət rəhbəri təməlqoyma mərasimində iştirak edəcək. Bu barədə Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatında bildirilib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir. İmzalanan sənədləri xatırladan dövlət başçısı vurğulayıb ki, ölkələr ikitərəfli münasibətlərin möhkəm qanunvericilik bazasını yaradır. Prezident İlham Əliyev Sadır Japarovu COP29-a dəvət edib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib, düşünürəm ki, 100 milyon da son hədd deyil. Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Sadır Japarov- Qırğız Respublikasının Prezidenti: “Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq. Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir”.
Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində də iştirak ediblər. Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. Çingiz Aytmatovun Bakıdakı abidəsinin Azərbaycan və Qırğızıstan birliyinin, dostluğunun və qardaşlığının rəmzinə çevriləcəyi qeyd olunub.
Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sadır Japarov Şəhidlər xiyabanını da ziyarət edib.
Prezident İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.
Vüsalə Cənnətova
- Baxış: 304