• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 19.04.2024 20:06

Yaz allergiyası və onun əlamətləri

KepezTV Player

Yaz aylarında, ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar olaraq insanlarda allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, yaza çox zaman "xəstəliklər fəsli" də deyilir. Bu halın kəskinləşməməsi, ciddi problemlərin olmaması üçün nələrə diqqət etməyin lazım olduğundan Aişə Rzayeva məlumat verəcək. 

Nəriman İbrahimov- şəhər sakini: “Mart ayında, adətən bu fəsildə allergiyam olur. Gözdən yaş gəlir, nəfəs çatışmazlığı olur, boğulma verir. Bir də səpmələr olur. Bununla bağlı olaraq da həkimə müraciət edirik”.

Allergik xəstəliklər bədənin hər hansı yad cismə qarşı verdiyi reaksiyadır. Bu da özünü fəsillərin keçid dönəmində daha çox göstərir. Əczaçılar son günlər mövsümi xəstəliklərlə bağlı olan dərmanlara müraciətlərin artdığını deyir.

Arzu Abdullazadə- əczaçı: “İnsanların fərdi olaraq həssaslıqları artır. Ona görə də allergiya əleyhinə dərmanlara ehtiyac artıb. Biz gələn xəstələri təmin eləməkdən ötrü onlara antihistamin maddələr, allergiya əleyhinə tabletlər və burun spreyləri təqdim edirik və bunun da nəticəsində onların allergik rinit simptomları aradan qalxır”.

Havanın dəyişkən keçməsi, hazırda davam edən tozlanma dövrü bəzi xəstəliklərin kəskinləşməsi üçün əsl şərait yaradır. Burada söhbət, sözsüz ki, mövsümi allergiya və buna bağlı bir sıra problemlərdən, o cümlədən astmadan gedir. 

Şirxan Vəliyev- həkim: “Yaz allergiyası daha çox ağacların çiçəklənməsi dövrlərində polenlərin havada olduğu vaxtlarda müşahidə olunur və bu da polenə, çiçəyə qarşı olan insanlarda özünü biruzə verir. Bunun əsas əlamətləri burunda axıtının olması, allergik asqıraqların olması və bədəndə müxtəlif səpkilərin, qızartıların olması, qaşıntı ilə özünü göstərir. Gözdə qızartı, konyuktiva tipli görüntü olur. Amma bu konyuktivit deyil, allergiyadır”.

Başqa fəsillərdə xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürlər. Allergik xəstəliklərdə isə tam əksidir. Xəstələr günün müəyyən saatlarında açıq havaya çıxa bilərlər. 

Şirxan Vəliyev- həkim: “Bunun qarşısını almaq üçün isə pasientlərə həmin dövrlərdə, xüsusən də günün gündüz vaxtlarında tozcuqların havada olduğu dövrlərdə çölə çıxmamağı tövsiyə edirik. Məcburi çıxanlara isə antihistamin preparatlarla daha rahat şəkildə həyatlarına davam etmələrini tövsiyə edirik. Bu dövrlərdə qidalanmada xüsusən də yaz dövründə çıxan bəzi meyvələrdən istifadə zamanı da diqqətli olmaq lazımdır. Bu meyvələrin çiçəklərinə qarşı allergiyası olan insanlarda, həmin meyvəyə qarşı da allergiya ola bilər”.

Belə xəstəliklərdən əziyyət çəkənlər həm də qidalanmalarına diqqət eləməli, özlərini müəyyən ərzaqlardan uzaq tutmalıdırlar. Əks halda vəziyyətləri ağırlaşa bilər.

Aişə Rzayeva