Bu gün ölkədə öz ixtisasına uyğun iş tapa bilməyən gənclərin sayı xeyli çoxdur. Buna səbəb olaraq bir çox iş yerlərinin təcrübə tələb etməsini göstərə bilərik. Bəs təcrübə dedikdə nə nəzərdə tutulur? Gənclər bu təcrübəni harada toplaya bilərlər? Təcrübə dedikdə bir şəxsin kollektiv daxilində iş bacarığı, adaptasiya olma müddəti və çətin anları idarə edə bilmə və s. kimi keyfiyyətləri nəzərdə tutulur. Bu faktorların insanda cəmləşməsi də bir o qədər önəmlidir. Sadəcə iradə, istək və təfəkkürdən çox şey asılıdır. Düzgün bacarıqla yanaşı, dolğun ünsiyyət də iş prosesində özünü göstərir. Ümumiyyətlə, istənilən iş mühitində insanlarla düzgün ünsiyyət bacarığı əsas götürülür. Mütəxəsislərin dediyinə görə, peşəkarlıq elə burdan başlanır.
Təcrübə tələb etməyən bir sıra işlər var ki, gənclər tələbəlik dövrlərində təcrübə qazanmaq üçün bu cür işlərə üz tuturlar. Onların bu işlərdə çalışması həm ünsiyyət bacarıqlarını, həm də gələcəkdə sahib olacaqları peşə ilə bağlı müəyyən maneələrə daha dözümlü olmaları ilə nəticələnir. Bu sahələrə isə məhz ofisiant, kuryer, satıcı, barmen və s. kimi vəzifələri göstərmək mümkündür. Gənclərin bu sahələrdə işləməsi onların öz maddi ehtiyaclarını qarşılaya bilməsi və sosial mühitdə özlərini doğru şəkildə ifadə edə bilmələri üçün vasitədir. Eyni zamanda tələbəlik vaxtlarında işləyən gənclər bundan sonraki mərhələlərdə həm cəmiyyətdə öz statuslarını qazanmağı, həm də mütəxəssis kimi formalaşmağın yollarını öyrənmiş olurlar.
Nuran Bədəlov- Barmen: “Tələbə vaxtlarımızda bir çox iş yerlərində təcrübə istəyirlər. Ancaq iş təcrübəmiz olmadığı üçün başqa sahələrə üz tuturuq. Məsələn; barmen, ofisinat, kuryer və başqa sahələr. Mən barmen işləyirəm. Hazırladığım kofe və kokteyl ilə müştərilərə xidmət göstərməyi sevirəm. Barmen işlədiyim müddətdə xarici ölkələrdən müştərilər gələndə fransız, rus və ingilis dilini inkişaf etdirmişəm”.
Gənclər niyə təcrübə tələb etməyən işlərə daha çox üstünlük verillər? Bu dəfə şəhər əhalisinin bir qismindən bu barədə soruşduq.
Xəyalə Sultanova- şəhər sakini: “Sosial çevrəsi genişlənir, pul qazanırlar və təcrübə toplayırlar”.
Zeynal Baxışov- şəhər sakini: “ Əsasən tələbə həyatını madiyyat baxımından daha yaxşı keçirirlər və təcrübə qazanırlar ”.
Fidan Qədimova
- Baxış: 227