13 yaşı tamam olan Hüseyn Hüseynli sosial şəbəkə vasitəsi ilə kluba müraciət ünvanlayıb. “Kəpəz”ə Premyer Liqanın ikinci hissəsindəki matçlarında uğurlar arzulayan azarkeş, fevralın 6-da doğum gününü qeyd edəcəyini yazıb və xəyallarında tutduğu arzusunun bu doğum günündə reallaşmasını istəyib. O, ad gününü ən çox sevdiyi futbol komandasının oyunçuları ilə birgə qeyd etmək istəyində olduğunu bildirib. "Sarı-göylər" Hüseynin arzusunu çin ediblər. Qonaqları qapıda qarşılayan yeniyetmə sevincdən göz yaşlarına hakim ola bilməyib.
Onu təbrik etmək üçün Tural Rzayev, Əli Səmədov, Junior Martins və Olavale Onanunqa onlara təşrif buyurub. Xoş sürprizin sevincindən bir qədər özünü itirən Hüseynə valideynləri dəstək olub və qonaqları içəri dəvət edib. Sevincinin həddi-hüdudu olmayan azarkeş söhbət əsnasında bu doğum gününü heç vaxt unutmayacağını bildirib. Tortunu sevdiyi futbolçularla kəsən gənc azarkeş onlarla xatirə çəkilləri çəkdirib, təbrikləri qəbul edib.
Hüseyn Hüseynli- "Kəpəz"in azarkeşi: “Açığı, mənim üçün də çox sürpriz oldu, mən heç gözləməzdim ki, mən nə vaxtsa azrkeşliyini etdiyim, lap uşaqlıqdan oyunlarında getdiyim, stadiondan dəstək olduğum komandanın, bəlkə də ən bəyəndiyim oyunçuları gəlib mənim ad günümü evimizdə təbrik edərlər. Mənim üçün elə ən böyük hədiyyə o oldu ki, komanda Araz-Naxçıvan üzərində qələbə qazandı. Bu gün mənim doğum günümdə iştirak edən, məni təbrik etməyə gələn bütün futbolçulara təşəkkür edirəm. Azarkeşlər və komandanın oyunçuları, ən böyük istəyi, böyük ehtimalla, bu il çempionatda qalmaq arzusudur. Gələn mövsümdən artıq "Kəpəz"imiz Gəncəmizin adını qaldırar və çempionatda yüksək yerlərdə olarıq”.
"Kəpəz"in oyunçuları üçün də dəvət gözlənilməz olub. Dəvəti müsbət qarşılayan futbolçular bununla ilkə imza atıblar.
Əli Səmədov- yarımmüdafiəçi: “İlk növbədə Hüseyni təbrik edirik. İlk dəfədir belə bir şeylə rastlaşırıq. Yəni azarkeşin evinə gəlirik. Bizim üçün xoş oldu. Özü balaca olsa da, "Kəpəz"in böyük azarkeşlərindəndir. Bayaq içəri girəndə də onu hiss etdik, gözlərində gördük. Cansağlığı, uzun ömür arzulayırıq. Nə fikirdə, nə niyyətdədirsə Allah onu arzusuna çatdırsın”.
Onanunqa Olavale- "Kəpəz"in yarımmüdafiəçisi: “Hüseynin doğum gününü təbrik edirəm, ona uzun ömür, uğurlarla dolu həyat arzulayıram. Əslində doğum günlərini sevirəm. Belə bir gündə onun sevincini paylaşmaq çox gözəldir”.
Hüseyn Hüseynlinin sözlərinə görə, lap uşaqlıqdan "sarı-göylər"ə azarkeşlik etməyə başlayıb. Atası onu 5-6 yaşlarından stadiona oyunları izləməyə aparıb. O vaxtdan futbol sevgisi, "Kəpəz" klubu onun qəlbində xüsusi yer tutur.
Ramin Paşayev
- Baxış: 203