Bu dəfə sizə ucqar bir kənddə yaşamış, ancaq buna baxmayaraq gələcəyini özü formalaşdırmış, şəxsi inkişaf mütəxəssisi Mahmud bəyi tanış edəcəm. Əvvəlcə Mahmud bəyin özü haqqında eşidək, daha sonra isə şəxsi inkişafda ən doğru üsullar hansılardır onu öyrənək.
Mahmud Məmmədov– şəxsi inkişaf mütəxəssisi: “Özüm haqqında onu deyə bilərəm ki, 30 yaşım var, ucqar bir kənd yerində böyümüşəm. 2012-ci ildə məktəbi bitirdim. Təbii ki, imkansızlıq dövrü, maddi sıxıntılar, bu kimi problemlərə görə təhsil ala bilmədim. Amma uzun zaman keçdi. Və artıq özümü maddi cəhətdən düzəltdim. Maddi cəhətdən düzəldiyim zaman etdiyim ilk şey təhsil almaq oldu. Türkiyədə təhsil almaq ən böyük xəyalım idi. Şükürlər olsun ki, bu gün Türkiyədə təhsilimi davam etdirirəm. Eyni zamanda 6 fərqli ölkədə kurslarda iştirak etmişəm. Türk dilli müəllimlərdən təhsil almışam. Burdan mənə dəstək duran bütün insanlara təşəkkür edirəm. Mən hər zaman insanlara deyirəm ki, nə zaman həyatınızda bir uğuru və ya başqa birini müqayisə edirsinizsə, keçmişə görə deyil, 2-3 il öncəyə görə müqayisə edin. 3 il öncə Mahmud sadəcə kənd həyatı yaşayan və həyatdan küsən bir insan idi. Amma bu gün həyata təbəssüm ilə baxan, digər insanların üzündə təbəssüm oyadan bir Mahmud var”.
Bir az söhbətləşdikdən sonra ağlımda bir çox suallar yarandı. Şəxsi inkişafa necə başlamalı? İlk addımı necə atmalı? Bu sualların cavabını gəlin Mahmud bəydən dinləyək.
Mahmud Məmmədov– şəxsi inkişaf mütəxəssisi: “Şəxsi inkişaf ümumiyyətlə, bütün gənclərə vacib olan bir elmdir. Mən inanıram ki, bütün Azərbaycan Respublikasında bu kursları alacaq tələbələr çox olacaq. Niyə? Çünki, şəxsi inkişaf insanı yetişdirən bir kursdur. Gənclərin şəxsi inkişafla bağlı maraq dairələri necə ola bilər? Belə deyim, bu, tək psixoloji cəhətdən deyil. Məsələn, bizim yolumuz psixologiya tərəfdəndir. Amma tələbə hər peşədə özünü inkişaf elətdirə bilər. Bəzən insanlar sual verir ki, müəllim ucqar bölgələrdəyik, ucqar kənd yerlərindəyik. Yəni biz inkişaf edə bilmirik. Həmin insanlara sadəcə bu cavabı verirəm. 30 yaşındayam və Azərbaycanın ən ucqar kəndində böyümüşəm. Çox kasıb bir ailədə böyümüşəm. Və bu gün Azərbaycanda tanınmış, tək Azərbaycanda deyil, qardaş Türkiyədə də yetəri qədər toplumu olan bir insanam. Bütün bunların hamısı necə oldu? Yəni şəxsi inkişaf burada mənə kömək etdi. Mən necə şəxsi inkişaf mütəxəssisi oldum? Əgər mən bunu edə bildimsə ,demək ki, məndən sonra istənilən bir insan bunu edə bilər”.
Şəxsi inkişaf iradə məsələsidir. İradəniz nə qədər güclüdürsə, atdığınız addımlar da bir o qədər sağlam olacaq. Ancaq bəzən bu yolda yanlışlar da edə bilirik.
Şəxsi inkişaf etmək, özümüzü şəxsi olaraq formalaşdırmaq bizim həyatımızın bəlli bir nöqtəsində vacibdir. Gəlin görək biz bunları edərkən harada yanlış edirik?
Mahmud Məmmədov– şəxsi inkişaf mütəxəssisi: “Özümüzə etdiyimiz yanlışlar elə birinci sosial mediadan qaynaqlanır. Sosial media bizi yanlış yollara aparıb çıxarır. Dünya sosial media hesabları bizi robotlaşmış sistemə gətirib çıxardırlar. Otururlar dünyanın başqa- başqa ölkələrində və bizi idarə edirlər. Və biz də əslində onların istədiyi bir şeyi edirik. Şəxsi inkişaf dedikdə, mənim özümün hansısa bir minik maşınım var, hər istədiyimi edə bilərəm deyə, bir şey yoxdur. Şəxsi inkişaf dedikdə toplum ilə düzgün qaydada hərəkət etmək və öz ailənlə düzgün münasibət qurmaqdır”.
Fərqli kitablar oxumaq, fərqli filmlər izləmək, fərqli musiqilər dinləmək əlbəttə ki, bizim şəxsi inkişafımıza müsbət təsir edir. Ümid edirəm ki, elə müsahibimizdən eşitdiyiniz bu tövsiyələr sizə gələcək həyatınızda müsbət təsir göstərəcək.
Ülvi Cəfərov
- Baxış: 137