Gəncəli futbol məşqçiləri Bakıda təşkil olunan UEFA-nın B kateqoriyalı məşqçi kursunu uğurla başa vurublar. Orxan Verdiyev və Mətləb Məmmədov məşqçi bacarıqlarını təkmilləşdiriblər.
B kateqoriyalı məşqçi kursunda əsas diqqət yeniyetmə futbolçuların qrup davranışlarının öyrənilməsi və bunu qabarıq şəkildə meydanda nümayiş etdirmə imkanlarına yönəldilib. Yəni təşkil edilən təlim daha çox taktiki bacarıqların ortaya çıxarılması üzrə olub. Təxminən 6 ay davam edən prosesin sonunda iştirakçılar praktiki, yazılı və şifahi imtahanlar verirlər.
Orxan Verdiyev- məşqçi-müəllim: “Bu kurslar UEFA tərəfindən keçirilir. İnstruktor olaraq da Aslan Kərimov və Osman Rəhimov bu kursları həyata keçirirlər. Bizdə tədris edirlər. Modullarda həm fitness məşqləri üzrə bizə müəyyən dərslər keçirildi, həm taktiki yöndə, həm də məşqçi profilləri barədə məlumatlar verildi”.
İstifadəyə verilmə ərəfəsində olan Kəpəz Futbol Akademiyasında peşəkar futbolçuların yetişməsi üçün belə kursların əhəmiyyəti vurğulanır. Çünki kateqoriyaların əldə edilməsi futbol məşqçiləri üçün əsas şərtlərdən biridir.
Mətləb Məmmədov- məşqçi-müəllim: “Bizim UEFA-nın o kurslarında iştirak etməyimizin özümüz üçün də xeyiri var, klubumuz, futbolçularımız üçün də xeyiri var. Həm biz savadlanırıq, həm futboldakı yenilikləri öyrənirik, futbolçularla necə davranmağı izah edirlər. Hər baxımdan bizim üçün faydalı bir kurs keçdi”.
Peşəkar klublarda fəaliyət göstərmək üçün də məşqçilərin müvafiq lisenziyasının olması vacibdir.
Ramin Paşayev
- Baxış: 168