• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 22.11.2023 18:53

99 və ya 88 qəpik - marketinq hiyləsidir yoxsa endirim?!

KepezTV Player

Marketlərdə diqqət çəkən məqamlardan biri də məhsulların üzərində olan qiymətlərdə 99, 88 qəpik yazılarının olması ilə bağlıdır. Qiymətin aşağı olduğunu simvolizə edən bu rəqəmlərin əslində nə ifadə etdiyi isə hər kəs üçün maraqlıdır.

Məhsulların qiymətinin belə formada təqdim olunması əslində satış məntəqələrinin xeyrinə olan amildir. Çünki, onsuz da alıcılar ödənişi tam ödəyirlər. Və əksər vaxt qalıq gözləmirlər. Digər tərəfdən burada formalaşan psixoloji yanaşma da mövcuddur.

Alıcı: “O, camaatı cəlb eləmək üçündür.

-Bəs 1 qəpiyinizi tələb edirsinizmi?

-Yox, əlbəttə ki”.

Alıcı: “Bu, sadəcə psixoloji bir metoddur - reklam xarakterli. İnsanlar deyir ki, manatın rəqəmi kiçik olsun, qəpiyə önəm vermirlər. 1 qəpik də olsa, 99 qəpik də olsa, bunun önəmi yoxdur”.

Alıcı: “Məsələn deyirlər ki, duru yağ endirimdədir - 1.89-dur. O, artıq mənə az gəlir”.

Alıcı: “O, müştəri cəlb eləmək üçündür. Məsələn, 2 yazanda bir az çoxdur, 1.99 yazırlar, nəsə də almaq istəyirsən. Ondan mən 2 qəpik, 1 qəpik alsam da nə edəsiyəm ki?”

Bənzər vəziyyətin müşahidə edildiyi mağazalardan birində çəkilişimiz zamanı bildirildi ki, rəqəmlərin bu formada qoyulmasının müəyyən səbəbləri var.

Vasif Məmmədov- mağazanın əməkdaşı: “Adətən iki halda olur. Ya mağazanın müdiri tərəfindən qoyulan endirim ilə əlaqəli ola bilər. Məsələn, 1 manat neçə qəpiklik malı 99 yaxşı göründüyü üçün 99-a qoya bilər. İkinci isə odur ki, faizlərlər təsadüfi ola bilər. Qəsdən qoyulmur. Endirimlə qoyulanda isə daha çox müştəri yığılır. Onu almaq üçün gələn, digər malları da alıb gedir”.

Mütəxəssislər isə hesab edir ki, 88 və ya 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir. Məsələn, 15 manat 99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokuslanır 15 rəqəminə.

Məmməd Urkayev- iqtisad elmləri üzrə fəlsəfə doktoru: “Bazarda qiymət təyini strategiyaları həddindən artıq çoxdur. Və hər bir şirkət özünün alıcı bazarına uyğun hansı bazaraki seqmentini əhatə edir, ona uyğun dəyişikliklər etməyə çalışır. Bütün bunların hamısının kökündə bir məqsəd durur. Hər hansı şirkət, hər hansı bir müəssisə özünün məhsul satışının həcmini artırsın. Onu o tərzdə qoyan şirkətlər, insanların beynində öz məhsulunun qiymətini mövqeləşdirmək istəyirlər. İstənilən halda 300, 299 demək deyil. Elə insanlar var düşünür ki, söhbət 200-dən gedir”.

Mütəxəssislər deyir ki, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.

Aişə Rzayeva