• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 07.11.2023 10:33

Elvin Atakişiyev - dekorçu

Bir insan düşünün, işini yorulmadan görən, işinə aşiq biri. Elvin də bu insanlardan biridir. Gənc yaşda iş həyatına atılmış, öz sevdiyi işlə məşğul olan bir gəncdir. Onun işi güllərlədir. Güllərə dekor verib, müştərilərin zövqünü oxşayır. Eyni zamanda Elvin, güllərlə məşğul olduqda, bu işin ona terapiya kimi gəldiyini qeyd edir.

Elvin Atakişiyev- dekorçu: “3 il öncə işə başladım. İnternet səhifələrində gördüyüm floristlərin əl qabiliyyətləri məni cəlb elədi. Məndə də maraq yarandı. Düzdür, ilk dəfə güllərin adını öyrənmək, özündən ideyalar kəşf edib, müştəriləri cəlb etmək üçün yeni  ideyalar fikirləşmək bir az çətin oldu. Amma 2 aydan sonra artıq bu, vərdiş halını aldı. Belə baxanda, çox da bir çətinliyi yoxdur”.

İşini bütün detalları ilə görən Elvin, buket düzəltdiyi zaman gülləri xüsusilə seçdiyini deyir. Çünki o, güllərin hər kəsə fərqli aura verdiyinə inanır. İşinin incəliklərinə diqqət yetirən Elvin, müştəriləri də razı salmağı çox yaxşı bilir. O, öz işinin peşəkarı olmağı gənc yaşlarda qarşısına məqsəd qoyub. Gül buketi düzəltmək göründüyü qədər asan iş deyil. Ancaq Elvin, bizimlə öz işini asanlaşdıran bir metod paylaşdı. Bu metod isə öz işini sevərək etmək idi.

Elvin Atakişiyev- dekorçu: “Bu işin incəliklərindən biri də odur ki, müştərilər ilə, yəni onların istədiklərini vermək üçün güllərin rəngləri ilə, güllərin özü haqqında məlumatın olmalıdır. Bir rəng digər rəngi tamamlayırsa, ən üstün cəhətlərindən biri buketdə və ya səbətdə fərqli formalar almaq üçün rəngləri uyğunlaşdırmaqdır. Əsas əl səliqəliliyidir. Yəni qabilliyət cəhətdən, işin nə qədər səliqəli olsa, qonaqları da cəlb etmək o qədər asan olacaq” .

Fəqli rənglər, fərqli qoxular, fərqli güllər. İnsanların zövqləri fərqlidir. İstedadlı gəncimiz isə bütün bunları bir yerdə, bir buketdə birləşdirməyi bacarır. Yeniliklərə hər daim açıq olan Elvin hələ də fərqli güllər axtarışındadır.

Elvin Atakişiyev- dekorçu:  “Bu işdə  müştərini cəlb etmək üçün, yeniliklər yaratmaq, yeni formalar və s. Müştərilər ilə mülayim danışmaq, onların zövqünü tutmaq  lazımdır”.

Elvin artıq bu iş üzrə öz sözünü demiş peşəkarlardandır. Özünə xas buket düzəltməsi, güllərlə bu qədər yaxından əlaqədar olması, işini keyfiyyətli görməsi, onu uğura aparan əsas nüanslardandır. Ona iş həyatında uğurlar diləyir və davamlı olmasını arzu edirik.  

Elvin Atakişiyev- dekorçu:  “Günümüzün yarısından çoxunu burda keçiririk. Gül düzəltmək gözəl sahədir, işimizi sevirik. Gənclərimizə də tövsiyə edirik ki, belə işlərlə maraqlansınlar. Çox gözəl işdir, gəlirli işdir”.

Ülvi Cəfərov

ƏTRAFLI...