Dünyada COVİD-in yeni ştamı olan “Eris” variantı sürətlə yayılır və bu, narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb. Narahatçılıq doğuran məqamlardan biri də odur ki, bu virusa bizə qonşu olan ölkələrdə də rast gəlinir. Bəs COVİD-in yeni ştamının ölkəmizdə yayılma ehtimalı nə qədər realdır?
COVİD-in yeni ştamı olan “Eris” yüngül simptomlara malik olsa da, kəskin yoluxuculuğu ilə seçilir. Bu isə virusun ölkəmiz üçün də narahatlıq doğurduğunu deməyə əsas verir.
İradə Dəmirova- Gəncə şəhərinin baş infeksionisti: “Yeni ştam var ki, “Eris” növüdür. Lakin deyilənə görə, hələ Azərbaycanda aşkar edilməyib. Buna baxmayaraq qonşu dövlətlərdə - Rusiyada, Gürcüstanda, digər Avropa ölkələrində aşkar edildiyinə görə, biz də onlarla əlaqədə olduğumuza görə, hər dəqiqə aşkar edilə bilər. Ona görə də əhaliyə indidən deməliyik ki, havalar soyuduqca maskalardan istifadə eləsinlər. Gigiyenik qaydalara əməl eləsinlər. Çölə çıxıb, qayıdandan sonra əllər mütləq yuyulmalıdır. Qidalara da fikir vermək lazımdır ki, hər bir qida təmiz olsun”.
Bu virusun əlamətləri COVİD-in digər növləri kimi yuxarı tənəffüs yollarının respirator xəstəliyi şəklindədir. Yüksək qızdırma, öskürmə, bəzən boğazda qaşınma, halsızlıq olur. Odur ki, qaydalara əməl edilməsi vacib hesab edilir. Akif İbrahimov- sakin: “Azərbaycanla sərhəd olan ölkələrdə COVİD-19 xəstəliyinin yeni növləri aşkar edilib, xəstəlik artmaqdadır. Bundan əvvəlki illərdə Respublikamızda da əhalinin nə qədəri bu xəstəlikdən əziyyət çəkib. Mən özüm iki dəfə COVİD-ə qarşı iynə vurdurmuşam. Profilaktik olaraq müəyyən tədbirlər var ki, onlara əməl etmək lazımdır. Təmizlik işləridir, əllərin tez-tez yuyulmasıdır, ictimai yerlərdə maska taxmaqdır, bunlar hamısı profilaktikadır. Hamı buna əməl etməlidir ki, bizdə də bu yayılmasın”.
Eldəniz Əliyev- sakin: “Özünə fikir verməlisən. Maska taxmalısan, tez-tez həkimə gedib yoxlatmalısan. Bunların hamısına əməl olunmalıdır”.
Hicran Kərimova- sakin: “Mütləq hamı özləri şəxsi gigiyenalarını qorumalıdırlar. Əgər gözləmirsənsə, mütləq tutulacaqsan”.
Yaşar Əliyev- sakin: “Həmişə hara gedib gəldin, əllər yuyulmalıdır. Bütün qaydalara əməl edilməlidir”.
Natiq İsmayılov- sakin: “COVİD olanda o vaxt mən də tutulmuşdum. Müalicə olunduq. O vaxt qaydalar riayət elədik. Maskadan istifadə etdik. Hər kəs özünü, ətrafındakını qorumalıdır. Bir də pis vərdişlərdən, soyuqdan özünü gözləmək lazımdır”.
Özümüzün və yaxınlarımızın sağlamlığını istəyiriksə, qoyulan şərtlərə əməl edərək cəmiyyətimizin sağlamlığını təmin edək.
Elnur Vahidoğlu
- Baxış: 178