Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq yeni peşəyə yiyələnməsi üçün Peşə Hazırlığı Mərkəzləri fəaliyyət göstərir. 18 yaşından pensiya yaşına kimi olan hər bir şəxs mərkəzə müraciət edərək həm yeni ixtisasa yiyələnə bilər, həm də iş yeri ilə təmin oluna bilər.
İşsiz və işaxtaranlar üçün peşə hazırlığı kurslarının təşkili ölkəmizdə həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir. Vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılması məqsədilə peşə hazırlığı mərkəzlərinin genişləndirilməsi işləri davam etdirilir. Gəncə şəhəri də bu baxımdan diqqət mərkəzindədir.
Tural Allahverdiyev- Gəncə Peşə Hazırlığı Mərkəzinin şöbə müdiri: “Hazırda nazirlik tərəfindən təsdiqlənmiş ölkə ərazində aktual olan 175 peşə və ixtisas üzrə kurslarımız mövcuddur. Bu kurslara işsiz və işaxtaran şəxlər cəlb oluna bilər. İşsiz şəxslər üçün kurslarımız ödənişsizdir və əlavə olaraq kursa cəlb olunmuş işsiz şəxslərə hər tədris ayının sonunda minimum əməkhaqqı miqdarında təqaüdlər ödənilir”.
Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmçinin, həmin şəxlərin işlə təmin olunmasına dəstək göstərməkdir.
Nəsrin Hüseynova- müdavim: Gəncə Peşə Hazırlığı Mərkəzində əməliyyatçı mühasib kursunda 1 ay yarımdan çoxdur ki, iştirak edirəm. Həm nəzəri, həm də praktiki olaraq təcrübə keçirik. Oranı bitirdikdən sonra da burada işlə təmin olunacağıq”.
İlkin Həsənzadə- müdavim: “İşsiz idim. Gəncə Peşə Hazırlığı mərkəzinə üz tutdum. Onlarda məni qeydiyyatdan keçirdilər. Kursda təlimlərə başladım. Hal-hazırda təlimlərimiz davam edir. Təlimlər davam edə-edə, bizi təqaüdlə də təmin edirlər. İnşallah, təlimlər bitdikdən sonra da işə başlayacağıq”.
Hazırlıq Mərkəzində tədris 3 istiqamətdə həyata keçirilir - tədris, təlim və istehsal təcrübəsi. Nəzəri mərhələdən sonra peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında təlim və təcrübə keçirlər.
Tural Allahverdiyev- Gəncə Peşə Hazırlığı Mərkəzinin şöbə müdiri: “Kurslarımızın müddəti 1 aydan 6 aya kimidir. Kursları uğurla bitirmiş müdavimlər nazirlik tərəfindən təsdiqlənmiş sertifikartlarla təltif olunurlar. Və yekunda sertifikat almış müdavimlərin işlə təmin olunmasına agentlik tərəfindən dəstək göstərilir. Bu günə kimi cəlb etdiyimiz müdavimlərin 90 faizin üzərində şəxsi işlə təmin olunmasına nail ola bilmişik. Hazırda 1200-ə kimi işsiz şəxs cəlb olunub. İlin sonuna kimi bu sayın 2000 nəfərə çatacağı gözlənilir”.
Qeyd edək ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı Mərkəzləri fəaliyyət göstərir. Müasir maddi-texniki potensiala malik həmin mərkəzlər peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.
Aişə Rzayeva
- Baxış: 659