Füzulinin işğaldan azad olunmuş hissəsində 34 min hektara yaxın ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb. Füzuli ilə yanaşı Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çölölçmə işləri icra olunub. Bu günədək işğaldan azad edilmiş rayonlarda ümumilikdə, 542 min hektara yaxın ərazidə çöl-torpaq tədqiqatı, 490 min hektardan çox ərazidə isə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün xüsusi laboratoriyalara göndərilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzurda torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi işlərini davam etdirir.
Nizami Ələkbərov- Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi: "Keyfiyyət göstəricilərini müəyyən etmək üçün ərazidə çöl-torpaq tədqiqat işləri keçirilir. Bu işlər nəticəsində torpaqların münbitlik göstəricilərini, onların keyfiyyətini müəyyən edirik ki, bu da gələcəkdə təsərrüfat sahələrinin inkişafında mühüm rol oynayır. Bu işlərin aparılmasında əsas məqsəd işğala məruz qalmış dövrlərdə, həmin torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmin torpaqlarda ayrı-ayrı təsərrüfat sahələrinin inkişaf etdirilməsi və eyni zamanda yeni yaşayış məntəqələrinin salınmasında mühüm məlumatların əldə edilməsinə şərait yaratmaqdan ibarətdir".
Bəhruz Nuriyev- Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri: "Torpaqların münbitlik göstəriciləri, torpaqların bonitirovkası, kəmiyyət və keyfiyyət göstəriciləri aparılacaq. Şorlaşmış, erroziyaya uğramış torpaqlar müəyyənləşdiriləcək, hansı ki, bunun nəticəsində torpaqlarla bağlı baza formalaşdırılacaq. Bu məlumatlardan istifadə edilərək gələcəkdə torpaq islahatı həyata keçiriləcək. Torpaqlar üzərində mülkiyyət formaları müəyyənləşdiriləcək. Torpaq istifadəçilərinin torpaq üzərində mülkiyyət forması müəyyənləşdikdən sonra onlar daha çox torpağa sərmayə qoymağa, davamlı kənd təsərrüfatı ilə məşğul olmağa maraqlı olacaq".
Fərid Mehdiyev
- Baxış: 384