Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən Şəmsəddin Əvəz Oğlu Allahverdiyevin Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Mahmudlu kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəmsəddin Allahverdiyev Dövlət Himninin sədaları altında atasının məzarının yanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub. 1971-ci il təvəllüdlü Şəmsəddin Allahverdiyev 1993-ci ilin iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb.
- Baxış: 327