Bir neçə gündür ölkədə mal və qoyun ətinin qiymətində bahalaşmanın müşahidə edildiyi barədə xəbərlər dolaşır. Hətta irəliyə gedərək 13 manata olan ətin qiymətinin 20 manata qədər qalxacağı da deyilir. Bunun reallığı necə əks etdirdiyini öyrənmək üçün əməkdaşımız araşdırma aparıb, görəsən deyilənlər realdır, yoxsa, süni şəkildə yaradılan ajiotaj?
Qida rasionumuzun əsas hissəsini təşkil edən ət satışda daim tələbat olan məhsullardandır. Qiymətinin mövsümə görə dəyişməsindən asılı olmayaraq ətə tələbat olur. Elə son günlər qiymətində bahalaşmanın müşahidə olunduğu deyilən bu heyvandarlıq məhsulunun satışında alıcılıq qabiliyyətinin aşağı düşdüyü deyilir.
Zakir Alıyev- satıcı: “Heyvanı Daşkəsəndən gətirirəm. Bir “Qazel” ordan bura gətirmək üçün məndən 50 manat pul alır. Burda gətirib kəsirəm, 15 manat ona verirəm. Mən də qiyməti məcbur qaldırıram. Fermerlər deyir, yemin qiyməti artıb. Yem 60 qəpikdir, saman presi 6-7 manatdır. Heyvan saxlayan da deyir sərf eləmir, vermir. Yəni biz ətin 1 kilosunda 20-30 qəpiyə işləyirik. Dana ətinin qiyməti 12 manat idi, indi 13, 13.50 qəpikdir. 14-15 manat arası da quzunun qiymətidir. İrisi, xırdası var. Alıcılıq zəifdir. Gələn hamı deyir, hər şey bahadır. Camaat narazılıq edir. Qiymətlər hələ ki, belə gedir, əgər yemin qiyməti qalxsa, müəyyən rüsumlar götürülməsə, onda qiymətlər daha da artacaq”.
Bəhruz Rüstəmov- satıcı: “Quzu əti əvvəllər 14, 14.50 qəpik idi. İndi hal-hazırda 15.50, 15 manatdır. Dana əti də hal-hazırda 13 manatdır. Əvvəl 12 idi. Baha alırıq. Əvvəl alırdıq 12-yə, 12.50-yə satırdıq. İndi 12.50-yə gəlir, biz də məcburuq belə sataq. Bəli, narazılıqlar var. Əvvəllər gəlib 5 kiloqram ət alan, indi alır 2 kilo. 2 kiloqram ət alan, indi alır 1 kiloqram. Bayramqabağı da qiymət artacaq, məncə. Çünki, bu gün artım varsa, bayrama doğru da qiymətin lap qalxma ehtimalı var”.
Bayramqabağı artım anlayışı yad olmadığından ət satanların dediklərini xəbərdarlıq olaraq da qəbul etmək olar. Alıcılıq qabiliyyətinə təsir edən bu amil satıcılar kimi, alıcıları da razı salmır.
Günay Ağayeva- şəhər sakini: “Əvvəl 11-12 manata alırdıq. İndi 15-16 manata gəlib çıxır. Ona görə xeyir eləmir. Çatdırmaq olmur. Gəlmişəm elə ət almağa, görüm ucuzvari ala bilirəmmi: Əvvəl 2-3 kilo alırdıq. İndi artıq onu ala bilmirik. İndi 1 kilo, yarım kilo alırıq ki, evi yola verək”.
Nazim Rüstəmov- şəhər sakini: “Əvvəl 12 manat idi, indi qiyməti qaldırıblar. Camaatın büdcəsinə uyğun deyil, sərf eləmir. 20 manat pul artırıblar, 100 manat da ərzağın qiymətini qaldırırlar”.
Baris Həsənov- şəhər sakini: “Təqaüdçü adamam, fikirləşirəm ki, ət alacam 1 kilo. 1 kilonu da körpə uşaq yesin, böyük yesin, kiçik yesin bilinmir. Yemin qiyməti qalxdıqca, ət də qalxacaq, hələ süd də qalxacaq. Kimin gücü çatacaq alacaq, kiminki çatmayacaq şorba yeyəcək, göy-göyərti yeyəcək. Ayrı yolu yoxdur”.
Şəhər sakininin də dediyi kimi mövcud vəziyyət heyvandarlıqda yemlə bağlı yaranan çətinlikdən qaynaqlanır. Xüsusilə qış aylarında örüş sahələrinin azalması yemə olan ehtiyacın ödənilməsinə çəkilən xərcləri artırır.
Akif Həzrətquliyev- fermer: “Yem baha olduğuna görə, məcburuq baha sataq. Hamısı bahalıqdan qaynaqlanır. Ucuz olsa, daha yaxşı, ucuz satarıq. Əvvəllər biz otu alırdıq 4-5 manata, indi gedirik 6-7 manata alırıq. Gücümüz çatıb saxlaya bilmirik. Otlaq yer də yoxdur, sahə yoxdur”.
Statistika da onu deyir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ətin qiymətində 20 faizədək artım var. Fermerlər bunu hər nə qədər ot və yem məhsulları ilə əlaqələndirsə də, qiymətə təsir edən başqa amillər də var.
Məsim Abadov- iqtisadçı: “Ümumiyyətlə qiymətlərin artmasına təsir edən əsas amil ilk növbədə bayramqabağı əhval-ruhiyyədir, bayramqabağı artan təlabatdır. Bizə aralı da olsa, Rusiya -Ukrayna müharibəsi də buna təsir edir. Çünki, əsasən süd və ət məhsulları bizə yaxın bazar olan qonşu Rusiyadan, Ukraynadan gəlirdi. Bu gün müharibə şəraiti qəbul etdiyimiz məhsulların miqdarına təsir edir. Yaşıl ot sahələrinin azalması da, nisbətən quraqlıq havaların keçməsi də istəsək də, istəməsək də bu kənd təsərrüfatı məhsullarının, xüsusən də heyvandarlığın qiymətlərinə təsir edir”.
Göründüyü kimi, qiymət artımının qarşısını almaq otlaq sahələrini artırmaq və ya Avropa ölkələrində olduğu kimi heyvandarlığın intensiv saxlanılması texnologiyasını tətbiq etməklə mümkün ola bilər. Bunun da mümkünü yaxın gələcəkdə real olmadığından, qiymət artımını qaçılmaz edir.
Aişə Rzayeva
- Baxış: 1676